16 Aprel 2015 14:06
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanı baş nazir işləyən və sonradan istefaya gedən Rəhim Hüseynov haqqında yazılan “İşıqlı insan” kitabında bir sıra maraqlı fikirlər yer alıb.

Sözügedən kitabda sabiq baş nazir Rəhim Hüseynov, sabiq prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəylə bağlı fikirlərini qeyd edib. Mütəllibovu yumşaq xasiyyətli insan kimi qiymətləndirən müəllif hesab edib ki, sabiq prezident elə bu xarakteri səbəbindən qaçmalı olub. AXC-Müsavat hakimiyyəti haqqında da fikirlər işlədən sabiq baş nazir bu hakimiyyətin səriştəsiz olduğunu ifadə edib, bildirib ki, məhz cəbhəçilər ona işləməyə imkan verməyib. Bu səbəbdən prezident Elçibəyə zəng edərək sabahdan işə çıxmayacağını söyləyib.

Qeyd edək ki, kitabda Azərbaycanın kritik dövrü ilə bağlı bir sıra maraqlı məqamlar yer alır, faktlar açıqlanır. AXC-Müsavat hakimiyyəti dövründə mühüm postlarda işləyən şəxslər nədənsə Rəhim Hüseynovun kitabda qeyd etdiyi məsələlərlə bağlı susqunluq nümayiş etdirir. Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə bu susqunluğa ciddi şəkildə etiraz edib. Səmədbəyli sosial şəbəkədə AXC hakimiyyəti zamanı yüksək postlarda təmsil olunan şəxslərin Rəhim Hüseynova cavab verməməsinin səbəbini soruşub. Bu sırada ilk olaraq İsa Qəmbərin və Pənah Hüseynin adını qeyd edən Səmədbəyli hesab edib ki, bu şəxslər onun cavabını verməlidir. Onun fikrincə, həyatda sağ ikən Hüseynovun iddialarına cavab vermək lazımdır. Daha sonra Elçibəyin kürəkəni qeyd edib ki, Əbülfəz Elçibəy öz komandasında olanları doğru və yanlışlıqları ilə birgə hər zaman müdafiə edib.

AXC hakimiyyəti zamanı baş nazir postunda işləyən Pənah Hüseyn isə bildirib ki, sözügedən kitabdan xəbəri yoxdur: “Mən hazırda iclasdayam, Rəhim Hüseynovun nə dediyindən xəbərim yoxdur. Yəqin, hər zaman dediyini deyib. Oxuduqdan sonra bu haqda danışaram. Ancaq bizim münasibətlərimiz normal olmayıb”.

Pənah Hüseyn qeyd dib ki, Rəhim Hüseynov yaşlı adamdır: “Bizim xalqda da yaşlı adamlara hörmət var. Bəziləri yaşlandıqca müdrikləşir, bəzilərində isə başqa vəziyyətlər yaranır və yaxud elə əvvəldən olan şeylər üzə çıxır. Ona görə də Rəhim Hüseynovun da son dövrlər belə xatirələri meydana çıxır. Amma tarixi faktları dəyişmək də mümkün deyil. Rəhim Hüseynov baş nazir vəzifəsinə 1992-ci il mayın 14-də konstitusiya çevrilişi həyata keçirilən gün Ayaz Mütəllibov tərəfindən irəli sürülmüşdü. Yəni onun AXC tərəfindən baş nazir gətirilməsi barədə dedikləri faktlara uyğun deyil. Ayaz Mütəllibov mayın 15-də getdikdən sonra Yaqub Məmmədov da Ali Sovetin sədri vəzifəsindən istefa verdi. Ali Sovetin sədri İsa Qəmbər seçildi. Rəhim Hüseynov isə Mütəllibov getdikdən sonra istefa vermədi və qalıb işlədi. Ona heç kim təzyiq etmirdi və işini aparmasına mane olmurdu. Əbülfəz Elçibəy prezident seçildikdən sonra da Rəhim Hüseynova heç bir təzyiq yox idi”.

Xatırladaq ki, sabiq baş nazirlər arasında bir dəfə də məhkəmə çəkişməsi olub. Məhkəmə çəkişməsinə səbəb elə AXC hakimiyyətinin səriştəsizliyi haqqında səsləndirilən fikirlər olub.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər