Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir. Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən keçirilən hərbi təlimlərlə əlaqədar bildirib:
Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir: "May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin keçirməyə hazırlaşdığı qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.
ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.
İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".