17 Aprel 2015 15:54
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “Bəzən görürsən ki, cılız bir insan nəhəng ideyalardan yapışır”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında qarşıdurma yaranıb.

Həftənin əvvəlində Z.Məmmədli elan edib ki, Azərbaycanda ADP istisna olmaqla bütün siyasi qüvvələr onun Gürcüstana buraxılmaması məsələsi ilə bağlı bəyanat verib, hazırlanan müraciətə imza atıb.
Mətbuata çıxan bu fakta ADP sədri Sərdar Cəlaloğlu sərt reaksiya verib.

Bildirib ki, Zəlimxan Məmmədli bununla bağlı şəxsən ondan heç bir xahiş etməyib: “Mən onun hansı səbəbdən Gürcüstana buraxılmamasını bilmirəm. Onu kimlərin müdafiə etdiyindən də xəbərim yoxdur. Əgər, dediyi kimi, bütün siyasi qüvvələr onu müdafiə edibsə, bu halda ADP-nin onu müdafiə etməməsi ilə dünya dağılmır”.

Cəlaloğlu deyib ki, şəxsən onun Zəlimxan Məmmədli ilə heç bir problemi olmayıb: “Bir nəfər şəxs mənə dedi ki, imza toplayır. Mən də səbəbini soruşduqda bildirdi ki, onu Gürcüstana buraxmırlar. Qeyd etdim ki, informasiyam olmadığı səbəbindən bu sənədə imza ata bilmərəm. Bəlkə, doğrudan da, orada ciddi səbəb var. Zəlimxan Məmmədli bu günə qədər özünün fəaliyyəti ilə bağlı heç bir partiya ilə müzakirə aparmayıb, onlara informasiya verməyib. Yalnız mətbuatda bəzi fikirlər yayıb. Mən də bilirəm ki, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı ciddi bir iş görülmür, çünki orada vəziyyət getdikcə pisləşir. Biz ADP olaraq dəfələrlə Gürcüstanda məscidlərin, məzarlıqların dağıdılması, soydaşlarımızın hüquqlarının pozulması haqqında bəyanatlar vermişik. Hətta bir dəfə Gürcüstanda əleyhimə kampaniya aparıldı, səbəb isə mənim tarixi torpaqlarımızla bağlı fikirlərim olmuşdu. Bu günə qədər Gürcüstanda olmamışam, lakin oradakı soydaşlarımızla bağlı daim həssaslıq göstərmişəm. Ancaq Zəlimxan Məmmədlinin nə iş gördüyü, bunun nəticələrinin nədən ibarət olması haqqında heç bir informasiyam yoxdur. Mən də bilmədiyim məsələyə öz imzamı qoya bilmərəm”.

ADP sədri əlavə edib ki, Ermənistanda yaşayan soydaşlarımız vaxtında təşkilatlanmadı və ermənilər onları öz ata-baba yurdundan çıxardılar: “Bundan Gürcüstanda yaşayan soydaşlarımız dərs götürməsələr, təşkilatlanmasalar, vəzifə və məqsədləri düzgün müəyyən etməsələr, milli məsələlərdən ayrı-ayrı şəxslər firqə maraqları üçün istifadə etsələr, nəticəsi pis olacaq. Bəzən görürsən ki, savadı, qabiliyyəti olmayan cılız bir insan elə nəhəng ideyalardan yapışır ki, adam təəccüb edir. Fikirləşirsən ki, bu şəxs niyə özünə hörmət etmir. Konkret olaraq Zəlimxan Məmmədlinin harada olduğunu, nə işlə məşğul olduğunu bilmirəm. Bu adamı KXCP üzvü kimi tanıyıram və son zamanlarda da partiya fəaliyyətində onun iştirakını görmürəm. Onun başqa fəaliyyəti ilə tanış deyiləm. İmza qoymamağımın səbəbi də budur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər