Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Avropa Parlamentinin saxta, uydurma “erməni soyqırımı”nın tanınması və bunun Avropada “anım” kimi qeyd edilməsi haqqında ədalətsiz qərarına etiraz olaraq bəyanat yayıb.
Bu barədə Teleqraf.com-a ADTGT sədri Asif Əsgərli məlumat verib.
Bəyanatda Avropa Parlamentinin bu qərarının uğursuz olduğu bildirilir: “AP-nin bu qətnaməsi regionda sabitliyi pozmaq istiqamətindəki bir cəhddir. Bu, ondan irəli gəlir ki, AP rəsmiləri və üzvləri tarixdən məlumatlı deyillər. Onlar bir əsr əvvəl Osmanlı Dövlətində baş vermiş hadisələrlə bağlı ermənipərəst mövqe tutublar. AP-nin araşdırılmamış faktlarla bağlı qərar qəbul etməsi heç bir halda haqlı sayıla bilməz. Həm Ermənistan, həm də əksər Avropa ölkələrində hadisələrə dair arxivlər hələ də bağlıdır və açıq-aydın görünür ki, arxivi açmaqdan imtina yalnız həqiqəti ermənilərə daha uyğun formada dəyişməyə dəlalət edə bilər”.
ADTGT-nın bəyanatında AP-dən qəti şəkildə bu qətnamənin geri götürülməsi tələb edilir: “Bu qərar ikili standartların nümayiş etdirilməsinin bariz nümunəsidir. AP bununla ermənilərin maraqlarını açıq müdafiə etmiş olur. Ermənistan təcavüzkar ölkədir. 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır.
Ermənistan qoşunları bütövlükdə Azərbaycan xalqına qarşı sübut olunmuş genosid törədib. AP faktiki olaraq 1992-ci il Xocalı hadisələrini heç bir formada tanımır.
Bu, Azərbaycana və ümumiyyətlə, türk dünyasına qarşı bir haqsızlıqdır. Biz qəti şəkildə 15 apreldə AP-nin Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair qətnaməsini pisləyir və bu əsasız qərarın ləğv olunmasını tələb edirik”.
Xatırladaq ki, ADTGT bu bəyanatı ingilis və fransız dillərində Avropa Parlamenti rəhbərliyinin, eləcə də üzvlərinin elektron ünvanlarına da göndərəcəkdir.
BƏXTİYAR