Yapon spiker: “Yaponiya dövlətlərin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinədir”
Yaponiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiya parlamentinin Müşavirlər Palatasının sədri Masaaki Yamazaki ilə görüşüb. Teleqraf.com xəbər verir ki, görüş zamanı Müşavirlər Palatasının sədri qeyd edib ki, 2011-ci ilin martında baş vermiş təbii fəlakət zamanı Azərbaycanın göstərdiyi yardımı Yaponiyada yaxşı xatırlayırlar. Buna görə biz Azərbaycan rəhbərliyinə və xalqına dərin minnətdarlığımızı bildiririk.
Masaaki Yamazaki vurğulayıb ki, parlament əlaqələri iki dövlət arasında siyasi dialoqun mühüm tərkib hissəsidir. O, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib.
Masaaki Yamazaki bildirib ki, son illərdə iki ölkə arasında rəsmi səviyyədə qarşılıqlı səfərlərin sayı artıb və biz bundan məmnunuq: “Milli Məclis Sədrinin səfəri isə Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərindən sonra ən yüksək səviyyəli səfərdir. Ümid edirik ki, bu səfər parlamentlərarası əməkdaşlığın inkişafı ilə yanaşı, digər sahələrdə də iki ölkə və xalq arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq”.
Milli Məclisin sədri Oqtay Əsədov Yaponiyaya rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Yaponiya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və bu gün Azərbaycan-Yaponiya dövlətlərarası münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladan Milli Məclisin Sədri deyib ki, ölkəmiz Yaponiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycan-Yaponiya hökumətlərarası iqtisadi komissiyasının artıq 15 ildən çoxdur ki, fəaliyyət göstərdiyini qeyd edən Oqtay Əsədov Azərbaycanda çoxsaylı yapon şirkətlərinin fəaliyyətindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan Yaponiya ilə yalnız iqtisadi sahədə deyil, digər sahələrdə də əməkdaşlıq etmək niyyətindədir. Xüsusən enerji sahəsində yeni layihələrdə yapon şirkətlərinin iştirakına, yeni investisiyaların yönəldilməsinə Azərbaycan tərəfi xüsusi maraq göstərir.
Milli Məclisin Sədri qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə parlamentariləri arasında möhkəm əməkdaşlıq münasibətləri mövcuddur. O, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinə toxunaraq diqqətə çatdırıb ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpası yolunda ciddi maneədir. Sədr Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib və eyni zamanda, əmin olduğunu bildirib ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini artıracaqlar.
Humanitar sahədə əməkdaşlıqdan danışan O.Əsədov Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində yapon dilinin tədris olunduğunu, hazırda 20-dək gəncin təhsilini Yaponiyada davam etdirdiyini bildirib. Qeyd edib ki, Yaponiya tərəfinin azərbaycanlı gənclərin bu ölkədə təhsil alması üçün kvotanı artırmasına ehtiyac var.
Ətraflı məlumata və yapon şirkətlərinə yaradılmış şəraitə görə təşəkkürünü bildirən Masaaki Yamazaki vurğulayıb ki, Yaponiya tərəfi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmovun da görüşdə iştirakı iki ölkə arasında humanitar əməkdaşlığın sürətli inkişafını təsdiq edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Masaaki Yamazaki deyib ki, Yaponiya problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Bu problemin tezliklə həlli bizim də arzumuzdur. Yaponiya zor yolunu qəbul etmir, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinədir.
Söhbət zamanı İlk Avropa Oyunlarının Bakıda keçiriləcəyini xatırladan Milli Məclisin Sədri Oqtay Əsədov bununla əlaqədar ölkəmizdə böyük hazırlıq işlərinin davam etdiyini bildirib və Yaponiya tərəfini oyunları izləməyə dəvət edib.
Masaaki Yamazaki 2020-ci il Yay Olimpiya Oyunlarının Yaponiyada keçiriləcəyini xatırladaraq, Azərbaycan idmançılarının da bu yarışlara qatılacağına əmin olduğunu deyib.
Nemət