25 Aprel 2015 19:20
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: "Qərb dünyasında əxlaq çox ciddi mənada deqradasiyaya uğrayıb"

ABŞ prezidenti Barak Obama Pakistanda yardım işçilərinin qətlinə görə şəxsən üzr istəyib. Ağ Evin bildirdiyinə görə, Əfqanıstanla Pakistan arasındakı sərhəd bölgədə ABŞ-ın əks-terrorizm əməliyyatı zamanı Əl-Qaidə tərəfindən ələ keçirilən iki girov təsadüfən öldürülüb. ABŞ prezidenti bir amerikalı yardım işçisi və bir italyanın qətlinə görə şəxsən üzr istəyib. B.Obama Pakistanda çalışan Uorren Ueynşteyn və Covanni Lo Portonun ölümünə görə dərin kədər hissi keçirdiyini bildirib.

73 yaşlı Ueynşteyn Amerikanın Beynəlxalq İnkişaf Agentliyi, Lo Porto isə Almaniyanın Welthungerhilfe yardım təşkilatına çalışırdı. B.Obama deyib ki, həmin vaxt əldə edilən kəşfiyyat məlumatlarına görə, hücum edilən bölgədə mülki vətəndaşlar olmamalı idi. Əməliyyat zamanı ABŞ vətəndaşı, Əl-Qaidə lideri Əhməd Faruq da öldürülüb. Digər bir əməliyyat nəticəsində isə terror şəbəkəsinin sözçüsü Adam Qadan qətlə yetirilib. Başqa bir ABŞ rəsmisi girovların dron hücumu zamanı öldürüldüyünü deyib.

Ancaq nədənsə biz bu üzrü ermənilərin qətlə yetirdikləri on minlərlə günahsız Azərbaycan və Türkiyə türklərinə münasibətdə görə bilmirik. İllərdir Azərbaycan və Türkiyə türkləri qətlə yetirilən Tələt Paşaya, Fətəli xan Xoyskiyə görə üzr gözləməkdədirlər. Ancaq bizlərin bu gözləntiləri özünü doğrultmaq bilmir. Bu istiqamətdə fikirlərini bizimlə bölüşən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, siyasi icmalçı Natiq Miri bildirib ki, bu əməliyyatı ABŞ ordusu həyata keçirdiyi üçün Obama əməliyyatda həyatını itirən mülki insanlara görə üzr istəyib. Onun sözlərinə görə, buna görə ABŞ prezidentinin üzr istəməsi gərək idi və Obama da bunu edib: "Azərbaycanda və türk dünyasında baş verən terrorlara və türklərin həlak olmasına görə hər hansı üzrxahlığın olmamasına gəldikdə isə, təbii ki, bunlar ikili standartlardan irəli gələn məsələlərdir. Qondarma "soyqırımı" isə tarixdə, ümumiyyətlə, hüquqi cəhətdən heç bir formada əsaslandırılmamış bir hadisədir. Yalnız geosiyasi maraqlar kontekstində bir sıra xristian Avropa ölkələrində parlamentlər bununla bağlı siyasi qərarlar qəbul ediblər. Hansı ki, bu dövlətlərin özləri də birmənalı şəkildə bilirlər ki, tarixdə belə bir hadisə olmayıb. Bütün bu prosesin mahiyyətini bilirlər. Çünki zamanında ABŞ prezidentinin göstərişi ilə onun hüquqi məsələlər üzrə müşaviri bu məsələni araşdırıb və ortada onun yazdığı bir arayış var. Həmin arayışda birmənalı olaraq bildirilir ki, tarixdə nəinki erməni soyqırımı olmayıb, əksinə, milyonlarla türk və digər etnik qruplar ermənilər tərəfindən məhv edilib, tələf olunub. Yəni, bütün bu gerçəklər ortada ola-ola bu məsələyə tamamilə geosiyasi maraqlar kontekstində yanaşılır. Siyasət olduğu yerdə isə, heç bir zaman ədalət olmur. Fikir verirsinizsə, Krım və Donbasa görə bütün dünya Rusiyanı həm iqtisadi, həm də siyasi cəhətdən təcrid edib. Azərbaycanın 20 faiz torpağı isə 20 ildən artıqdır ki, işğal olunub. Amma yanaşma ikilidir. Nədənsə, xalqların öz müqəddəratını təyinetmə prinsipi Ukraynada nəzərə alınmır, ancaq Azərbaycanda ermənilərə etnik qrup olaraq bu haqq tanınır. Baxmayaraq ki, bu etnik qrup artıq bir dəfə öz müqəddəratını təyin edib. Yəni bu da ikili yanaşmadır".

N.Miri bildirib ki, eyni zamanda son vaxtlar türk dünyasına qarşı sanki bir səlib yürüşü hiss olunur: "Məhz Roma Papasının qondarma "soyqırımı" məsələsinin başlanğıcını qoyması təməldə məhz dini yanaşmadan sonra Avropa Parlamentində siyasi yanaşmanın olması da göstərir ki, bəli, türk dünyasına qarşı yeni bir savaş açılıb. Xüsusilə də, müstəqil siyasət yürüdən Türkiyə və Azərbaycan daha da gücləndikcə xristian dünyasından, xüsusilə də Qərb dünyasından təzyiqlər daha da artır. Bu məsələlərin kökündə dayanan məqamlardan biri də məhz müstəqil siyasət yürütmə, getdikcə güclənən türk dünyası və Avropanın və bütövlükdə Qərb dünyasının məsələlərə ikili yanaşmasıdır. Bu da onu göstərir ki, artıq Qərb dünyasında əxlaq çox ciddi mənada deqradasiyaya uğrayıb".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər