Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrə şəhərində keçirilmiş BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) 66-cı iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əməkdaşları daxil olub.
İclasın ilk günü “Dəyişiklik dövründə davamlı inkişaf üzrə fəaliyyətə hazırlıq” mövzusuna həsr edilmiş yüksək səviyyəli seqment çərçivəsində məruzəçi qismində çıxış edən M.Məmmədquliyev Azərbaycanın son iki il ərzində əldə etdiyi nailiyyətlər və gələcək planlar barədə danışıb. O, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti və Bakı Beynəlxalq Ticarət Limanı barədə məlumat verib. Nazir müavini ölkəmizin iştirak etdiyi Cənub-Cənub Üçbucaq Əməkdaşlıq çərçivəsində apardığı fəaliyyət və ehtiyacı olan ölkələrə donor dəstəyi barədə iştirakçıları məlumatlandırıb.
Nümayəndə heyətinin başçısı Azərbaycanda qəbul edilmiş “Gələcəyə Baxış: 2020” strategiya sənədinin davamlı inkişaf məqsədlərinə nail olmaq məqsədilə Azərbaycan üçün vacib istiqamətverici sənəd olduğunu bildirib.
Eyni zamanda nazir müavini, UNECE çərçivəsində qəbul edilmiş ətraf mühit konvensiyalarının qeyri-region ölkələrinin qoşulması üçün açılmasının Azərbaycan tərəfindən müsbət qarşılandığını bildirərək, onların regionumuz üçün səmərəliliyinin artırılması məqsədilə ilk növbədə region ölkələrinin bu konvensiyalara qoşulmasının vacib olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın su sərvətləri baxımından aşağı axın ölkə olduğunu bildirərək, qonşu ölkələrdən Azərbaycan ərazisinə daxil olan suların zərərli maddələr və radioaktiv elementlər ilə çirklənməsinin ciddi təhlükə olduğunu vurğulayıb və bu suların qorunmasını təmin etmək məqsədilə sərhədyanı ölkələrin UNECE çərçivəsində mövcud olan Su Konvensiyasına qoşulması istiqamətində UNECE tərəfindən səylərin artırılmasına çağırıb.
Nazir müavini BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə rəğmən iyirmi ildən artıqdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdiyi barədə danışaraq, 2015-ci ildən sonrakı inkişaf gündəliyində öz əksini tapacaq məqsədlərə nail olmaq üçün UNECE regionunda mövcud olan bu kimi münaqişələrin tezliklə həll olunmasının vacib olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində aparılmış geniş müzakirələrdə fəal iştirak edib.
Səfər çərçivəsində, həmçinin M.Məmmədquliyev BMT-nin Cenevrə şəhərindəki ofisinin rəhbəri Mişel Moler, UNECE-nin icraçı katibi Kristian Fris Bax, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi və BMT-nin Ətraf Mühit üzrə Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusiklə ikitərəfli görüşlər keçirib.
Səxavət