28 Aprel 2015 11:38
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan beynəlxalq hüququn kobud surətdə pozulmasından əziyyət çəkir, tarixi torpaqlarımız işğal olunub. Uzun illərdir ki, 1 milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkündür, Xocalı soyqırımına məruz qalmışıq”.


APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.


Dövlət başçısı bildirib ki, BMT sənədlərində və ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb: “Sənədlərdə qeyd olunub ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Aqressiv separatizm davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik. Azərbaycan qəti şəkildə münaqişənin BMT-nin qətnamələri, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının qərarları əsasında, ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır”.



Prezident İlham Əliyev onu da bildirib ki, belə bir tədbirin Bakıda keçirilməsi çox mühüm hadisədir: “Tədbirdə dünya siyasətinə dair mühüm məsələlər müzakirə olunacaq. Yüksək səviyyəli siyasətçilərin bu tədbirdə iştirakı və mühüm məsələlərin müzakirəsi unikal imkandır”.



Dövlət başçısı bildirib ki, Nizami Gəncəvi Mərkəzi mühüm təsisata çevrilib: “İnanıram ki, bu Mərkəz gələcəkdə dünyada gərginliyin azaldılması, əməkdaşlıq üçün daha münbit şərait yaradılması üçün öz töhfəsini verəcək. Bu Mərkəz sosial, humanitar, siyasi məsələlərə dair məqamları müzakirə edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olub. Azərbaycan Avropa və Asiya arasında təbii-coğrafi körpüdür, indi isə Avropa və Asiya arasında mədəni körpüyə çevrilib. Azərbaycanda müxtəlif etnik və dini nümayəndələri tolerant şəraitdə yaşayıb, Azərbaycan beynəlxalq multikulturalizm mərkəzinə çevrilib, gələn ay da bununla bağlı mühüm tədbir keçirəcəyik”.


Prezident İlham Əliyev deyib ki, Azərbaycan 20 ildir ki, müstəqildir və böyük nailiyyətlər əldə olunub: “Müstəqillik dövründə göstərdik ki, xalqımız öz gələcəyini özü qura, dünyada öz mövqeyini ortaya qoya bilər. Təbii ki, Azərbaycan enerji resurslarına malikdir, lakin müstəqil olmayan dövrdə həmin resurslardan yararlana bilmirdik. Azərbaycan II Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə ən mühüm rollardan birini oynadı, SSRİ-nin neftinin 70 faizini Azərbaycan təmin edirdi. Lakin müstəqillik dövründə iqtisadiyyatın durumu pis idi, xaos vəziyyəti vardı. Bizim qarşımızda həm də planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitar rejimdən demokratik rejimə keçid dururdu. Bu gün Azərbaycanda azad cəmiyyət var, siyasi dəyişikliklər davam edir”.


Müəllif:

Oxşar xəbərlər