Azərbaycan kommunistləri 1 May dünya zəhmətkeşlərinin bayramı münasibətilə tədbir keçirəcəklər. Artıq Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verib. Partiyadan verilən məlumata görə, mayın 1-də Nizami rayonundakı Bakı Neft Emalı Zavodunun yaxınlığında yerləşən Azad Fəhlə Heykəlinin önündə razılaşdırılmış bayram tədbiri keçiriləcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçən iki kommunist və bir sosial demokrat partiyası fəaliyyət göstərir.
Vahid Kommunist Partiyasının katibi Musa Tükanov isə bildirib ki, mayın 1-də şəhərdən kənarda “mayovka” keçirəcəklər. Onun sözlərinə görə, hələlik tədbirin harada keçirilməsini təyin etməyiblər: “İki gün müddətinə təyin edəcəyik. Bu tədbirdə ancaq bizim partiya fəalları iştirak edəcək”.
Musa Tükanov qeyd edib ki, Azərbaycan Kommunist Partiyasının Bakı meriyası ilə razılaşdırılan bayram tədbirlərindən məlumatlı deyil: “Bu, onların tədbiridir və öz partiyalarının üzvləri iştirak edəcək. Biz bu prosesdə iştirak etmirik. Hazırda iki kommunist partiyası dövlət qeydiyyatdan keçib. Digər partiyada isə faktiki olaraq parçalanma var. Elman Nurullayev deyir sədr mənəm, Rauf Qurbanov isə deyir mənəm. Biz onların daxili işlərinə qarışmırıq”.
Musa Tükanov əlavə edib ki, Azərbaycan kommunistləri və onların birləşdiyi təşkilatlar arasında birlik yoxdur: “Təxminən bizdə iki-üç kommunist partiyası var, amma bu təşkilatlar arasında birlik mövcud deyil. Kommunist partiyalarının formalaşması üçün hələlik zaman lazımdır”.
Məlumat üçün qeyd edək ki, son zamanlar Gülnisə Məhsimova da özünü Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri elan edib. Onun rəhbərlik etdiyi kommunistlər bir neçə gün əvvəl Qəbələnin Qəmərvan kəndinə gedərək Leninin anadan olmasının 145 illiyini qeyd ediblər. Bundan başqa, kommunist fəallar aprelin 28-də bolşevik Xanlar Səfərəliyevin Bibi Heybət qəsəbəsindəki qəbri və abidəsini ziyarət ediblər.
Nemət