Müsavat Partiyası başqanlığına keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu I müavini Vurğun Əyyubun Müsavatdan xaric olunmasına reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Q.İbadoğlu deyib: “Dünən Müsavat Partiyasının yerli təşkilatı yuxarıların göstərişi ilə 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri, 1997-ci ildən partiyanın Baş katibi, 2001-ci ildən Müsavat başqanının 1-ci müavini olmuş, partiyanın quruculuğunda və inkişafında dəyərsiz xidməti olan, görkəmli ziyalı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun partiya sıralarından xaric olunması barədə “qərar” qəbul edib. Vurğun bəyin Müsavat partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qısasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən, cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur. Heç şübhəsiz ki, belə idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq. İnanıram ki, ləyaqətli partiya üzvləri, dəyərli ictimaiyyət nümayəndələri, yaradıcı ədəbiyyat və mətbuat təmsilçiləri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərək demək olar ki, hər gün zəifləyən tarixi partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar”.
Nərgiz