4 May 2015 13:13
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vurğun Əyyubun Müsavatdan xaric edilməsi təbii ki, partiya üçün ayıb sayılacaq bir hərəkətdir. Çünki, hər bir partiya çalışmalıdır ki, Vurğun bəy kimi cəmiyyət tərəfindən qəbul olunmuş ziyalı onun sıralarında olsun”.

Bunu Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.


O qeyd edib ki, V.Əyyub istənilən halda, partiyanın potensialı, gücü baxımından dəyərli siyasətçi və ziyalıdır: “Nəzərə alsaq ki, artıq parlament seçkilərinə qısa bir müddət qalıb və Vurğun bəy də Suraxanı rayonundan namizəd olaraq irəli sürülmüşdü. Onun xaric edilməsi nəinki düzgün addımdır, hətta, böyük bir səhv, yanlış addım və qəbahətdir. Lakin, mən düşünmürəm ki, bu addım Vurğun bəyin özü tərəfindən verilmiş bir qərardır. Guya burada texniki səbəblər göstərilir ki, Vurğun Əyyub iclaslarda iştirak etməyib və üzvlük haqqı verməyib”.

T.Abbaslı hesab edir ki, bu əslində siyasi bir qərardır: “Yəni ki, həmin fikrə verilmiş siyasi sifarişdir ki, onlar da onu icra edir. Bu gün Müsavat Partiyasında onun üzvlərinin 70-80 faizi iclaslarda iştirak etmirlər. Bir o qədəri də üzvlük haqqı ödəyə bilmir. Bu texniki baxımdan da bu dəqiqə mümkün deyil. Çünki, Müsavat Partiyasının üzvlərinin sayı və yığılan üzvlük haqlarını nəzərə alsaq, görərik ki, partiyanın cəmi 2-3 faizi üzvlük haqqı ödəyir, ya yox”.

O əlavə edib ki, bu da sübut edir ki, bu da daha çox siyasi sifarişdir: “Məndə olan məlumata görə, bu prosedurun özündə Nizamnamə pozuntuları olub. Yəqin ki, o araşdırılacaq. Güman edirəm ki, bu yanlış qərar ləğv olunacaq. Bir daha partiya rəhbərliyinə məsləhət görərdim ki, belə addımlar ataraq, partiyanın nüfuzdan salınmasına yol açmasınlar, əksinə qarşısını alsınlar. Çünki, tarixdə yazılmayacaq ki, Vurğun Əyyubu onun təmsil olunduğu rayon xaric etdi. Hamı deyəcək ki, Vurğun Əyyubu Arif Hacılı partiyadan çıxartdırdı. Niyə? Çünki, Vurğun Əyyub və digərləri onun partiya daxili idarəçiliyini bəyənmirdilər. Bu da heç cür demokratik ənənələrə uyğun gəlmir. Əminəm ki, tez bir zamanda bu yanlış aradan qaldırılacaq. Ümumiyyətlə, partiyadan bu və ya digər əsassız bəhanələrlə heç kim xaric olunmayacaq. Partiya heç kimin şəxsi mülki deyil. Partiya bizə Rəsulzadədən qalmış əmanətdir və bunu belə də dərk etmək lazımdır”.

Müsavat partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli isə fikirlərini bu cür deyib: “Bunlardan nə desən gözləmək olar. Demokratiyanın olmadığı təşkilatın demokratiya uğrunda mübarizə aparması gülünc səslənir. Suraxanı rayon təşkilatı mübarizə aparıb qərar verəcək. Ola bilsin ki, məhkəməyə müraciət olunsun. Qərargahın qarşısında etirazçıların toplantısı da gözlənilir”.

Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli isə deyib ki, Vurğun Əyyubun qeydiyyatda olduğu yerli təşkilat hələ 2011-ci ildə onu partiyadan çıxarıbmış: “O vaxt partiya rəhbərliyi bu məsələni rəsmiləşdirməyib. Vurğun Əyyub o qərardan da bir neçə il əvvəl partiyadakı görəvindən istefa verdiyini bildirərək, mühacirətə getmişdi. O vaxt partiya rəhbərliyi bu istefanı da rəsmiləşdirməyib. Vurğun Əyyub 8 ildir partiyada fəaliyyət göstərmir. Lakin buna rəğmən qurultayda böyük iddialar ortaya qoydu. Qurultaydan sonra da partiya ilə əlaqəsi olmayıb. Yerli təşkilat 2-ci dəfə onu partiyadan çıxarıb”.

/Azadinform.az/


Müəllif:

Oxşar xəbərlər