18 İyun 2015 13:09
4 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının bir sıra ölkələrinin nümayəndələrinin "insan haqları” adı altında Azərbaycana qarşı həyata keçirdikləri məqsədyönlü kampaniyanın arxasında iqtisadi amillər durur.

Bunu Bakuinfo.Az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

A.Mütəllibovun fikrincə, Azərbaycan gücləndikcə, ölkəmizə bir o qədər də təzyiqlər artacaq və bu təbiidir: "Təzyiqlər artıqca Azərbaycan və Avropanının maraqları tarazlaşacaq. Hesab edirəm ki, bir müddətdən sonra bunlar aradan götürüləcək. Azərbaycan yalnız və yalnız iqtisadiyyatını daha da inkişaf etdirməklə və bu tempi saxlamaqla bütün uğurlara imza atır və bundan sonra da atacaq. Öz iqtisadi maraqlarına arxalanmaqla və maraqlarını xarici siyasətdə də həyata keçirtməklə Azərbaycana təzyiqlərin sayı azalacaq və müəyyən müddətdən sonra sıfıra enəcək”.

Eks-prezident bildirib ki, son zamanlar Avropa Parlamentinin və bu regionun bir qurup siyasətçisinin qəbul etdiyi qərarlar anonsdur və heç bir təsir qüvvəsi yoxdur: "Yuxarıda qeyd etdiyim kimi, Avropanın siyasi tələblərinin arxasında iqtisadi tələblər durur. Bunu başa düşmək üçün ancaq və ancaq Avropada yaşamaq kifayət edir. Fikir verin, Ukraynada baş verən hadisələrin arxasında Avropanın apardığı işğalçı siyasət durur. Eyni xalq, eyni kökdən olan Ukrayna ilə Rusiyanı bir-birinə qırdırır. Həmçinin Avropa liderləri Ermənistan vasitəsiilə də Azərbaycana təzyiq etmək istəyirlər. Təbii, bu da başa düşüləndir. Xristian işğalçı ölkə və islamofobiya”.

Cənab Mütəllibov vurğulayıb ki, indiyədək Avropa İttifaqı Azərbaycana xammal bazası kimi baxıb və ölkəmizin sərvətlərini istədiyi kimi talamağa cəhd edib: "Avropanın Azərbaycana təzyiq etmək planının məqsədi, ölkəmizin sərvətlərinə yiyələnməkdir. Ömrü boyu Avropanının istəyi bundan ibarət olub. Artıq Azərbaycan tərəfi Avropanın qarşısında iqtisadi, siyasi tələblərini qoyub və tələb onları qane etmədiyi üçün təzyiq vasitəsindən istifadəyə cəhd edirlər. Avropanın "insan hüquqları” adı ilə ölkəmizə təzyiqləri sanki bir bəhanədir. Özlərində insan hüquqları on qat pozulur. Əslində, Azərbaycanı Avropa ilə müqayisə etsək, ölkəmiz sözügedən regionun əksər ölkələrindən stabildir. Bununla belə, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq tədbirlər ondan xəbər verir ki, Azərbaycan Avropanının bir çox ölkələrindən güclüdür və lider dövlətə çevrilir. Hazırda ölkəmizdə Olimpiya səviyyəsində keçirilən Avropa Oyunlarını buna misal göstərmək olar. Bir sözlə, Azərbaycan prezidenti ölkəmiz gücləndikcə öz xarici siyasətini iqtisadiyyatımıza güvənərək həyata keçirməyə çalışır. Əlbəttə ki, bu da Azərbaycanın gücləndiyini görən ölkələri narahat etməyə bilməz. Vaxtilə Azərbaycan çox şeydə Avropaya güzəştə gedirdi ki, Dağlıq Qarabağ münaqişəsi obyektiv həll edilsin. Lakin bu, baş vermədi. Hazırda ölkəmiz Avropanın oyuncağına çevrilmək istəmir. İqtisadi, strateji nöqteyi nəzərdən Azərbaycan Şərqin qapısıdır. Avropa Vladimir İliç Lenini bəyənməsə də, amma onun dediyi sözü təsdiqləyir. Azərbaycan Şərqin qapısıdır və bu qapıya kim ağalıq edə bilsə, deməli, Şərqin qapısının ağasına çevrilir. Hazırda müstəqil olan Azərbaycan bu ağalığı nə Rusiyaya, nə də ki Avropaya verəcək. Azərbaycanın müstəqil siyasəti bu deməkdir. Bu da təbii ki, Qərbi qıcıqlandırmaya bilməz”.

Keçmiş siyasətçi hesab edir ki, Qərbin ölkəmizə "burnunu soxması”, Şərqin qapısına yiyə durmaq cəhdləri hər zaman olacaq: "Bunun üçün təzyiqlər və digər xoşagəlməz hadisələrin olacağı təbiidir. Azərbaycan isə hazırda apardığı müstəqil siyasət nəticəsində Qərbə yerini göstərir. Ölkəmiz özü özünün ağasıdır və bu regionda kimlərinsə ağalığına imkan verməyəcək. Bir sözlə, özgədən ağa istəmirik. Mahiyyət etibarı ilə budur. Bu mövqeyini saxlamaq üçün Azərbaycan öz imkanlarını daha da artırmalı, ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməli, kənd təsərrüfatını 1990-ci ilin səviyyəsinə qaldırmalı və heç bir ölkədən asılı olmamalıdır. Bunun üçün ölkəmizin əlində bütün imkanlar var və sadəcə, düzgün daxili iqtisadi siyasət həyata keçirilməlidir. İnanırıq ki, Azərbaycan prezidenti bu siyasətin ölkəmizdə həyata keçirilməsini uğurla reallaşdıracaq”.


Müəllif:

Oxşar xəbərlər