Milli Məclisin deputatları, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov, üzvləri Əli Məsimli və Mirkazım Kazımov qurumun bir sıra tədbirlərində iştirak etmək üçün iyunun 25-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, qurumun təşkilatçılığı ilə keçirilərək “Avropada təhlükəsizlik: cari vəziyyət və siyasət qurucuları üçün dərslər” mövzusundakı konfransda millət vəkili Elton Məmmədov çıxış edəcək. Tədbirdə milli nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Şimal Şurasının, Vişeqrad qrupunun, digər beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edəcəklər.
Səfər çərçivəsində deputatlarımız, həmçinin, GUAM PA-nın Siyasi və hüquqi məsələlər üzrə komitəsinin iclasına qatılacaqlar. Toplantıda GUAM ərazisindəki münaqişələrin siyasi-hüquqi aspektləri, beynəlxalq təşkilatlarda quruma üzv ölkələrinin mövqelərinin möhkəmləndirilməsi, birgə bəyanatların reallaşdırılması, GUAM-la digər beynəlxalq və regional təşkilatlar arasında əməkdaşlığın inkişafı, bu sahədə milli parlamentlərin, parlamentlərarası qurumların rolu və digər məsələlər müzakirə olunacaq.
Səfər iyunun 28-də başa çatacaq.
Nemət