26 İyun 2015 14:18
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zahid Oruc: "Ölkəmizin Rusiya əleyhinə koalisiyaya qoşulmaması Avropa dairələrinin xoşuna gəlmir"

Rasim Ağayev: "Almaniyanın məqsədi odur ki, Rusiya əleyhinə cəbhə yaratsın"

Cənubi Qafqaz regionunda xarici siyasətini müstəqil şəkildə həyata keçirən yeganə ölkə Azərbaycandır. Lakin Azərbaycanın uzun müddətdir davam etdirdiyi balanslaşdırılmış xarici siyasəti, milli maraqlar çərçivəsində atdığı addımları bəzi Qərb dövlətləri, xüsusilə, "dördüncü Reyx"in hakimiyyətdə olduğu Almaniya tərəfindən müsbət qarşılanmır. Bu dövlət bu və ya digər şəkildə ölkəmizə qarşı təzyiq cəhdlərini davam etdirir.

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc deyib ki, Azərbaycan ikinci dəfə müstəqilliyə qovuşanda Almaniya Cənubi Qafqaza xüsusi maraq göstərməyə başlamışdı: "Bu da başa düşüləndir, çünki keçmiş Sovet respublikalarının ələ keçirilməsi uğrunda savaş dərinləşmişdi. Etiraf etmək lazımdır ki, o dönəm eyforik dövr idi. Çoxları hesab edirdi ki, müstəqilliyə qovuşmaq avtomatik olaraq Qərb dairələrinin, xüsusən SSRİ-ni dağıtmaq istəyən qüvvələrin böyük bir dəstəyinə, himayəsinə səbəb olacaq. Lakin ilk andaca biz Amerikanın məlum "Azadlığa Dəstək Aktı" sanksiyası ilə üz-üzə qaldıq. Sonrakı dövrdə isə Almaniya əsasən beyin mərkəzləri, siyasi institutları vasitəsilə regionda aktivliyini artırdı. Ancaq onlar da Qarabağ məsələsində fəal tərəf kimi iştirak etmirdilər. Əsasən Fridrix Ebert Fondu, Fridrix Nauman Fondu vasitəsilə Almaniya Cənubi Qafqaz arealını öyrənir və bura nüfuz eləmək üçün müxtəlif vasitələr axtarırdı. Sonrakı dövrdə ABŞ sanki bölgəni daha fəal bir şəkildə ələ götürdü. Əsasən, neft-qaz müqavilələri imzalandı və ondan sonra Almaniya nisbətən arxa planda qaldı. Ancaq Ukrayna hadisələri baş verəndən sonra Qərb razılaşaraq həmin ölkənin taleyini Almaniyaya tapşırdı. Göründüyü kimi, Rusiya ilə aparılan danışıqların əsas hissəsini Angela Merkel öz üzərinə götürüb. Hazırda o, Ukraynanın hamisi kimi çıxış edir, əsas direktivlər Berlindən gəlir və növbəti dövr Qərbin strategiyasını da məhz həmin ölkə hazırlayır. Bu mənada son hadisələr üzərindən kifayət qədər ehtiyatlı və öz maraqlarımızı, təhlükəsizliyimizi əsas götürən xətt yürütməmiz Almaniyanın ölkəmiz əleyhinə təsirlərini və təzyiqlərini artırdı. Bu, bir daha onu göstərdi ki, baş verənlər razılaşdırılmış bir ssenaridir. Məqsəd nə xüsusi olaraq hakimiyyət dəyişikliyi, nə də ki, konkret inqilab layihələri deyil. Bir neçə məsələdə ölkəmizdən konkret qərarlar istənilir. Bu, sadəcə, insan haqları kontekstində görünür, alt qatda, diplomatik mərkəzlərdə başqa məsələlər danışılır. Bildiyiniz kimi, Azərbaycan Yaxın Qonşuluq və Şərq Tərəfdaşlığı Proqramına ehtiyatlı yanaşma sərgiləyir. Ukrayna və Gürcüstanla müqayisədə assosiativ saziş imzalamaq mövqeyindən kənar durduq. Bu məsələdə bizdən həlledici seçim tələb olunur. İkincisi, ölkəmiz Rusiya əleyhinə Qərbin koalisiyasına qoşulmayıb və bu, Avropa dairələrinin xoşuna gəlmir".

Z.Oruc deyib ki, əsas resurs mərkəzi bizim ölkəmizdir. Əgər ölkəmiz Rusiya ilə əlaqələrini qırmış olsa, bütün məsələlərdə Qərblə sinxronlaşmış fəaliyyət aparsa, Ukrayna kimi Rusiya əleyhinə ideya, siyasi qatda, eyni zamanda, təhlükəsizlik istiqamətində fəaliyyət aparsa, NATO-nun bölgəyə qüvvələrini yaxınlaşdırsa və sair məsələlər üzərindən rəsmi Moskvanın planlarının əleyhinə getsə, bu, Qərb üçün uğurlu bir layihə kimi görünəcək: "Rəsmi Bakı isə bunlara getmir və cənab İlham Əliyev bu xəttə ehtiyatlı bir konsepsiya kimi baxır. Əksinə, hətta ziyanlı tərəfləri daha çox görünür. Çünki Ukraynanın aqibəti ortadadır. Ona görə də Almaniyada sanki 5 nəfər dövlət siyasətinin əsas strategiyasıdır. Sanki 75-80 milyonluq bir ölkə əsas problemlərini buraxıb Azərbaycanla günlərini açırlar. Leyla Yunus və Xədicə İsmayılova da onların siyasi maraqlarının həyata keçirilməsində bir alətdir. İlk baxışda belə görünür ki, onlar sözügedən adamları Qarabağdan, milli təhlükəsizlik maraqlarımızdan, ərazi bütövlüyü məsələlərindən yuxarıda qoyublar. Bu, zahiri görünüşdür, alt qatda dediyim məsələlərdir. Düşünürəm ki, bir müddət sonra Angela Merkel cənab Prezidentlə münasibətləri təkrar danışıqlar və anlaşma müstəvisinə qaytarmağa məcbur olacaq. Bu gün Azərbaycan təbii ki, isterik və reaksionist bir siyasət yürütmür. Həqiqətən də, Qərb son hadisələrdə sınaqdan çıxmadı və etibarlı partnyor olmadı. Əslində, Rusiya öz maraqları üçün bundan ustalıqla istifadə eləmək istədi".


Politoloq Rasim Ağayev isə bildirib ki, Almaniyanın Azərbaycana qarşı indiki münasibəti başadüşülən deyil: "Ermənilər Fransanı özlərinin kiçik vətəni hesab edirlər. Qarabağ məsələsində də Fransa birmənalı şəkildə ermənilərin arxasında dayanıb. Bu, başa düşüləndir. Almaniyanın niyə birdən-birə üzünün dönməsi məsələsi diqqəti çəkir. Düzdür, Almaniya Avropanın ən aparıcı qüvvələrindən biridir. Almaniya Azərbaycana qarşı münasibətdə təkcə öz maraqlarını deyil, o cümlədən Avropanın mövqeyindən çıxış edir. Burada müşahidə etdiyim odur ki, Almaniya istəyir ki, yeni bir siyasi qüvvəyə çevrilsin.

Almaniyanın məqsədi odur ki, Rusiya əleyhinə bir cəbhə yaratsın və Avropa və Amerika hamısı bir tərəfdə olsun. Azərbaycan isə bu siyasi mövqedən çıxış etmək istəmir və hər bir ölkə ilə münasibətlərin ikitərəfli formada qurulmasının tərəfdarıdır. Hər ölkənin öz mövqeyi, maraqları var və hər kəs buna hörmətlə yanaşmalıdır. Bu prizmadan yanaşdıqda suallara cavab tapmış oluruq. Azərbaycan nəyə görə Almaniyanın tərəfini saxlamaqla Rusiyanın düşməni olmadır? Bu istəyi heç Almaniyanın da xeyrinə deyil".

R.Ağayev deyib ki, Azərbaycanın siyasəti tarazlaşıb və ölkəmiz istəyir ki, Qarabağ və digər məsələlərdə siyasətinin sərbəstliyini saxlasın: "Bundan başqa da yol yoxdur. Son günlər şahidik ki, hər kəs Azərbaycanın əleyhinə çıxış edir. Belə bir vəziyyətdə ya gərək təslim olsun, ya da ki, öz mövqeyini müdafiə eləsin. Mənə elə gəlir söhbət bundan gedir və Almaniya da Azərbaycanın bu tarazlaşdırılmış siyasətini qəbul etmir".

BƏXTİYAR


Müəllif: