18 Aprel 2014 11:03
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulamhüseyn Əlibəyli: “Milli Şurada konkret olaraq fəaliyyət göstərmirəm”

İlin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Artıq hakim partiya seçkilərdə gənclərin və qadınların namizədliyinə üstünlük verəcəyini açıqlayıb, eləcə də, partiya xətti ilə sürülən dairələrdə öz təşəbbüsü ilə namizəd olmaq istəyən partiya üzvlərinə sərt xəbərdarlıq olunub. Müxalifət düşərgəsi isə hələ də düşdüyü apatiya vəziyyətindən çıxa bilmir. Müxalifətin bələdiyyə seçkilərinə qatılıb-qatılmayacağı da sual altındadır. Müxalif Milli Şuranın yaxın günlərdə bu istiqamətdə müzakirələr açacağı bildirilir.

Müxalifətin bələdiyyə seçkilərində iştirakı məsələsi, Milli Şuranın durumu, düşdüyü vəziyyətdən çıxmaq imkanları və digər məsələlərlə bağlı suallara Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli cavab verir.

- Qulamhüseyn müəllim, Milli Şurada fəaliyyətiniz varmı?

- Yox. Konkret olaraq son prezident seçkiləri zamanı Milli Şuranın parlamentli respublikaya keçidlə bağlı ideyaları var idi. Buna uyğun olaraq mənə müəyyən layihələrin hazırlanması həvalə olunmuşdu. Hazırladığım layihələrin üzərində son dövrlər bir qədər iş də getdi. Amma hazırda bu iş dayanıb. Bu dəqiqə Milli Şurada konkret olaraq hər hansı bir fəaliyyət göstərmirəm. Yalnız qurumun iclaslarına qatılıram.

- Bəs Milli Şuranın özü fəaliyyət göstərirmi?

- Milli Şuranın iclasları olur, orada müəyyən məsələlər müzakirə edilir. Cəmiyyətdə baş verən hadisələrə münasibət bildirilir. Bəzən hansısa təkliflər də səsləndirilir.

- Fəaliyyət bundan o yana keçmir?

- Başqa nə fəaliyyəti olacaq ki? Seçkilərarası siyasi blokun əsas fəaliyyəti baş verən prosesləri izləmək və ona münasibət bildirməkdir.

- Bəs onda müşahidə olunan süstlük fəaliyyətsizlikdən xəbər vermirmi?

- Bəli süstlük var. Hesab edirəm ki, bu süstlük təbiidir. Son prezident seçkilərindən sonra yaşananlar bu süstlüyü yaradıb. Bütövlükdə isə hər seçkidən sonra müxalif düşərgədə zəiflik olur. Buna bəzən apatiya dövrü də deyirlər. Çünki seçkinin nəticələri müxalif düşərgəni çaşdırır.

- Müxalifətin bu vəziyyətdən çıxmaq imkanı varmı?

- Təbii ki, çıxış yolları var. Əslində müzakirələrin aparılması, bəzi tədbirlərin keçirilməsi də bu çıxış yollarından biri kimi qiymətləndirilə bilər. Zaman keçdikcə canlanmanın olacağı gözlənilir. Amma müxalifət də müəyyən işləri görməlidir. Daha yerində oturub saymaqla vəziyyətdən çıxmaq olmaz.

- Müsavat Məclisinin son sessiyasında sətiraltı qeyd olundu ki, Müsavat Milli Şuradan çıxdıqdan sonra bu qurum gözlənildiyindən də çox zəifləyib...

- Bu fikirlə razı deyiləm. Həm də Milli Şuranın zəifləməsini yalnız Müsavat Partiyasının buradan getməsi ilə əlaqələndirməzdim. Ümumiyyətlə, seçkidən sonra bu cür zəifləmə hiss edilir. Məsələn, 2003-cü il seçkiləri və 2008-ci il prezident seçkilərindən sonra belə vəziyyət yaranmışdı. Hər halda Azərbaycan təcrübəsi bunu deməyə əsas verir.

- Hazırda Milli Şura hansı məsələləri müzakirə etməlidir?

- Hesab edirəm ki, ancaq Milli Şura deyil, müxalifət bütövlükdə qeyd etdiyiniz süstlüyün aradan qaldırılması üçün müzakirələr, başlamalı, çıxış yolları axtarmalıdır.

- Sizin bu istiqamətdə təklifiniz var?

- Bilirsinizmi, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələri var. Bu təbəqələrin xüsusiyyətlərini nəzərə alaraq, təbliğat-informasiya işi aparmaq olar. Bu insanları Milli Şuranın sessiyasına dəvət etmək olar. Məncə, bu addımlar atılmalıdır. Sonradan zamana və şəraitə görə, başqa şeylər də fikirləşmək olar.

- Milli Şura üzvləri də açıq qeyd edirlər ki, birləşmək mümkündür, ancaq ən böyük problem odur ki, bir araya gələn müxalifət partiyalarında səmimiyyət olmur...

- Azərbaycanın birləşmə və bloklaşma təcrübəsinə diqqət etdikdə görürük ki, belə qurumlar, adətən, seçkidən öncə yaranır və seçkilərdən az sonra dağılır. Fəaliyyət zəifləyəndə və ya hansısa partiya birlikdən çıxmaq istəyəndə ittihamlar başlanır. Bu mənada hesab edirəm ki, bəzən siyasi qüvvələr bir araya gələrək öz daxillərində səmimi olmurlar.

- Niyə səmimi olmurlar?

- Niyə səmimi olmamalarını deyə bilmərəm. Bu, bəlkə də, fərdin münasibətləri ilə bağlı bir məsələdir. Yəni siyasi qüvvələrin rəhbərliyi arasında şəxsi münasibətlər ola bilsin ki, burada ciddi rol oynayır. Bundan savayı səbəb görə bilmirəm.

- Siz müxalifət cameəsindən çıxmış adamsınız. Niyə bu partiyalar üzdə dost, içəridə isə düşməndirlər?

- Bunu daha çox şəxsi münasibətlər və şəxsi iddialarla əlaqələndirərdim. Müxalifət qüvvələri çalışırlar ki, öz aralarında kimin birinci və üstün olduğunu təsdiqləsinlər. Bu da istər-istəməz digər siyasi qüvvənin gözdən salınması ilə nəticələnir. Problemi həm şəxsi, həm də ictimai yönümdə bunda görürəm ki, müxalifət qüvvələri bir-birini qəbul etmək istəmirlər.

- Bir-birini qəbul etmək istəməyən qüvvələrin bir yerdə olması və uğur əldə etməsi mümkündürmü?

- Təcrübə göstərir ki, yox. Qüvvələrin bir araya gəlməsi, qeyri-səmimi birləşmələr son nəticədə uğura səbəb olmur.

- Bizdə elə partiya var ki, onun başında 23 ildir ki, eyni şəxs durur. Sizcə, partiya sədri neçə il müddətinə bu posta durmalıdır?

- Bu kimi hallar olur. Siyasi partiyalarda sədrin dəyişməsi ilə bağlı hazır və ya hamı tərəfindən qəbul olunan mexanizm yoxdur. Düzdür, bir çox ölkələrdə partiya sədrləri seçkidə uğursuzluğa düçar olanda istefa verirlər və ya partiya özündə güc taparaq sədrlərini dəyişir. Amma Azərbaycanda bu mexanizm yoxdur. Əslində partiya üzvləri nə qədər məqsədəuyğun hesab edirlərsə, sədr bu postda qala bilər.

- Ancaq bu hal partiyalarda yeniliyin və gəncləşmənin qarşısını alan maneə kimi görünür...

- Belə hesab etmirəm. Əgər doğrudan da, partiya daxilində yenilik özündə güc tapacaqsa, irəli gedəcəksə, bunun əhəmiyyəti olmur. Əgər yenilik özündə güc tapacaqsa, həmin partiyanı dəyişə bilər. Demək, yeniliyin özü tam formalaşmır. Bu səbəbdən də köhnə adamlara daha çox ehtiyac hiss olunur. İkincisi, deyim ki, müxalifətçi olmaq gənclərin bir çoxunu qane eləmir. Düşünür ki, müxalifətdə olsalar, dövlət qulluğunda hansısa funksiyanı yerinə yetirməkdən məhrum ola bilərlər. Bu və digər amillər gənclərimizi müxalifət qüvvələri ilə əməkdaşlıq etməkdən çəkindirir. Bu baxımdan siyasətə gəlmək istəyənin də həvəsini öldürür. Bu da, yeni siyasətçi nəslinin formalaşmasına imkan vermir.

- Ənənəvi müxalifətdən kənarda REAL yarandı və hətta özünü yeni qüvvə kimi cəmiyyətə təqdim etməyə başladı. Ancaq ənənəvi müxalifətdə bu proses getmir...

- Əvvəla qeyd edim ki, məndə olan informasiyaya görə, REAL-ın bəzi üzvləri və aparıcı şəxsləri əvvəllər siyasi partiyaların üzvləri olublar. Onlar artıq siyasi fəaliyyətlə məşğuldurlar.

- Siz REAL-ı yeni siyasi qüvvə kimi qəbul edirsinizmi?

- REAL artıq bir siyasi qüvvə kimi fəaliyyətdədir. Düzdür, orada təmsil olunanların bəziləri əvvəllər siyasi partiyaların üzvləri olublar. Bu hərəkatın sədri uzun illər AMİP sədrinin müavini olub. Başqa sözlə, onlar vaxtı ilə Azərbaycanın siyasi həyatında olmuş insanlardır. Bu mənada mən onları sırf yeni siyasi qüvvə kimi təqdim etməzdim. Amma onları ənənəvi müxalifətdən kənarda formalaşmış yeni qüvvə kimi qiymətləndirmək olar.

- İlin sonunda bələdiyyə seçkiləri gəlir. Müxalif Milli Şura bu seçkilər haqqında nə düşünür, hansı qərar var?

- Hər halda bələdiyyə seçkilərində vahid koalisiya şəklində iştirak etmək istiqamətində müzakirələrə başlanmışdı. Ancaq bildiyim qədər hələlik konkret qərar qəbul olunmayıb. Yəqin ki, bu məsələyə seçki ərəfəsində qayıtmaq daha doğru olardı. Qeyd edim ki, Milli Şura, əsasən, prezident seçkiləri ilə bağlı yaranmışdı. Amma mən təşkilatın bələdiyyə seçkilərində də iştirakını istisna etmirəm. Hər halda Milli Şura siyasi qurum kimi fəaliyyət göstərir, müxalifətin hamısını olmasa da, müəyyən hissəsini özündə birləşdirib. Prinsip etibarı ilə bu qurum bələdiyyə və Milli Məclis seçkilərində iştirak edə bilər. Zənnimcə, bunun üçün Milli Şuranın potensialı var. Biz Aydınlar Partiyası olaraq rayon təşkilatlarımıza həvalə etmişik ki, seçkilərlə bağlı hazırlıq işlərinə başlasınlar, namizədlərini müəyyən etsinlər. Əgər Milli Şura vahid təşkilat kimi qalarsa və bələdiyyə seçkilərində birgə iştirak haqda qərarını verərsə, bu halda biz də bu qurumun tərkibində seçkilərdə iştirak edə bilərik.

- Amma Milli Şurada təmsil olunan siyasi qüvvələr arasında ziddiyyət var. KXCP seçkilərdə iştirak etmək haqda mövqeyini ifadə etsə də, AXCP hələlik mövqeyini qəti açıqlamır...

- Hələ ki, vahid qərar yoxdur. Görünür, bir qədər zamana ehtiyac var. Adətən, belə məsələlər seçkiyə start verməzdən öncə müzakirə edilir və iştirak edib-etməmək haqda da qərar çıxarılır.

- YAP-ın siyasi partiyalarla dialoq üzrə komissiyasının iclası keçirilib, dialoqla bağlı müzakirələr aparılıb və hətta bu istiqamətdə danışıqlar aparmaq üçün nümayəndə də müəyyən olunub. Siz bu gün üçün dialoqa ehtiyac görürsünüzmü?

- Bütün hallarda cəmiyyətin problemləri, cəmiyyət daxilində baş verən hadisələr, hətta partiyalararası münasibətlər məhz dialoq və danışıqlar vasitəsilə öz həllini tapmalıdır. Mətbuatda bir-birinə qarşı mübarizə aparmaqdansa, problem və məsələləri müzakirələrlə yoluna qoymaq daha məqbuldur. Hər halda dialoq daha faydalıdır. Hazırda YAP bu istiqamətdə addım atıb və komissiya formalaşdırıb. Dialoqun olub-olmayacağını zaman göstərəcək. Mənim şəxsi qənaətim belədir ki, dialoq daha faydalı və effektivdir.


Müəllif:

Oxşar xəbərlər