10 İyul 2015 14:04
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rufiz Qonaqov: “Onlar istəyirdilər ki, Leyla Yunus ölkəni qanunsuz yolla tərk eləsin”

“Avropa Parlamenti hüquq müdafiəçisi Leyla Yunusun məhkəməsini yaxından izləyir. Mən özüm də iyulun 13-də onun məhkəməsini daha yaxından izləyə bilmək üçün Bakıya gedəcəyəm”.

Bu sözlər Avropa Parlamentinin üzvü Kati Piriyə aiddir. Kati Piri Avropa Parlamentinə 2014-cü ildə Niderlanddan seçilib, Əmək Partiyasını təmsil edir. O, bildirib ki, daha öncə 6 il müddətində Çoxpartiyalı Demokratiya üzrə Hollandiya İnstitunda çalışıb və bu müddət ərzində Ermənistanda olub, onların siyasi partiyaları ilə münasibətlər saxlayıb.

Yəni, faktiki olaraq özü ermənipərəstliyini etiraf edir.

Kati Pirinin artıq yaxşı tanıdığımız Ulrike Lunaçek ilə də sıx münasibətləri var. Cinsi azlıqların nümayəndəsi və aktiv müdafiəçisi olan bu avstriyalı siyasətçi Avropa Parlamentində Azərbaycan əleyhinə qurulan bütün oyunların fəal iştirakçısıdır.

Göründüyü kimi, Lunaçekin də üzvü olduğu ermənipərəst komandanın digər iştirakçısı Kati Piridir. Qeyd edək ki, o, həm də Avropa Oyunları ilə bağlı aparılan əks-təbliğat kampaniyalasının Ulrike Linaçek ilə birlikdə ən aktiv iştirakçılarından biri olmuşdu.

İndi isə bu ermənipərəst deputat Leyla Yunusun məhkəməsində iştirak etmək üçün Bakıya gəlmək istəyir və Avropa Parlamentinin digər üzvlərini də buna çağırır.

Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun sözlərinə görə, avropalı parlamentarilər yaxşı bilir ki, Leyla Yunus xarici kəşfiyyat orqanlarına casusluq ittihamı ilə həbs olunub: “Leyla Yunus Avropadan, xüsusilə erməni lobbisinin təsiri altında olan Avropa Parlamentindən və digər Azərbaycana qarşı olan beynəlxalq qurumlardan maliyyələşir. Sözsüz ki, bu şəxs onların göstərişlərini, tapşırıqlarını yerinə yetirirdi. Bu səbəbdən də onlar havadarlıq etdikləri Leyla Yunusu nəzarətdə saxlayırlar. Çünki onlar istəyirdilər ki, Leyla Yunus ölkəni qanunsuz yolla tərk eləsin və tez bir zamanda xarici ölkələrdən birinə getsin. Daha sonra onlarla birləşib Azərbaycan əleyhinə fəaliyyətini davam etdirsin. Onların bu planı baş tutmadığı üçün və Azərbaycanın hüquq-mühafizə orqanları bunu aşkarlayıb, həbs qətimkan tədbiri seçdiyi üçün onlar bu və ya digər yollarla ölkəmizə təzyiq mexanizmi düşünüblər”.

R.Qonaqovun fikrincə, Qərb dairələrinin bu münasibəti onu deməyə əsas verir ki, Azərbaycana qarşı ikili standartlar mövcuddur: “Bu proses bu gün də davam edir. Əgər belə olmasaydı, hazırda Ermənistandakı bütün həbsxanalar məhbuslarla dolub və onlar gedib oradakı məhbuslarla məşğul olardılar, nəinki, Azərbaycanda bir nəfərin həbsi ilə”.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, bir çox Avropa dövlətləri və parlamentariləri bu bölgədə olan maraqlarını Azərbaycan üzərindən həyata keçirmək istəyirlər: “Bu baxımdan istər həmin parlamentarinin, istərsə də digər şəxslərin Leyla Yunus kimi birisindən alət olaraq istifadə etmələri təbii qarşılanmalıdır. Çünki bundan başqa Azərbaycana təzyiq edə biləcək heç bir vasitələri qalmayıb. I Avropa Oyunları ərəfəsində onlar Azərbaycana qarşı qarayaxma kampaniyası apardılar, demokratiya və insan haqları pərdəsi altında ölkəmizi xaos və qarşıdurmaya sürükləmək istədilər. Onlar çox arzu edirlər ki, İŞİD-lə bağlı məsələlər Azərbaycanda da özünü göstərsin və ölkəmiz belə bir bəlaya düçar olsun. Biz ona görə hədəfə çevrilmişik ki, Azərbaycan bölgədə müstəqil siyasət yürüdür. Ölkəmiz özünü Ukrayna kimi aparmır və Azərbaycanın maraqları milli dövlətçilik maraqlarına söykənir. Həmin avropalı parlamentarinin Leyla Yunusun məhkəməsinə gəlməsini, atalar məsəlində deyildiyi kimi, boğulan adamın saman çöpündən yapışmasına bənzətmək olar”.

V.Qədirov deyib ki, L.Yunusun Azərbaycan dövlətinə və xalqına qarşı etdiyi xəyanətlər, törətdiyi əməllər göz qabağındadır və bunu hər kəs yaxşı bilir: “Avropadan istəyir bir yox, on parlamentari gəlsin. Onların məqsədi burada həqiqəti axtarmaq deyil, əksinə, Azərbaycana qarşı ”insan hüquqları" adı altında yeni bir təzyiq vasitəsini axtarıb tapmaqdır".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər