31 İyul 2015 12:23
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda çox yüksək və davamlı ictimai-siyasi sabitlik var. Bu sabitlik istənilən prosesi, o cümlədən parlament seçkilərini aşkarlıq şəraitində, sərbəst, qanunauyğun və heç bir problem olmadan keçirilməsinə əsas verir. Seçki hər dövlətdə və cəmiyyətdə ictimai-siyasi gərginliyin artması, temperaturun yüksəlməsi ilə müşayiət olunan prosesdir. Azərbaycanda da seçkiöncəsi müəyyən siyasi aktivlik olacaq və temperatur yüksələcək. Ölkə daxilində və xaricində Azərbaycanın qüdrətli dövlət kimi formalaşması hər kəsə aydındır. Cənab Prezidentin apardığı siyasət Yeni Azərbaycan Partiyasının bu seçkilərdə qalib gəlməsini şərtləndirir. Şübhəsiz ki, seçkilərdə favorit hakim partiya olacaq və əksər yerləri əldə edəcək. Çünki YAP sədri, cənab Prezident İlham Əliyevin apardığı siyasi kurs xalqımızı qane edir, arzularını gerçəkləşdirir. Xalqımız da istəyir ki, bu siyasət davam etsin. Biz bunu son bələdiyyə və Prezident seçkilərində bir daha gördük”.

Bunu YAP Siyasi Şurasının üzvü, deputat Musa Quliyev qarşıdan gələn parlament seçkiləri və siyasi qüvvələrin imkanlarını şərh edərkən deyib.

Siyasi Şuranın üzvü hakim partiyanın şanslarını yüksək qiymətləndirib: “YAP müxalifət partiyası olaraq yaransa da, qısa müddətdən sonra hakimiyyətə gəlib. Bundan sonra da, bütün seçkilərdə qalib gəlib. Seçkiönəsi YAP-ın yerli təşkilatları tərəfindən aparılan sorğular və hazırlıq işləri də deyir ki, partiyamızın reytinqi çox yüksəkdir və YAP ölkənin bütün bölgələrində seçkini qalibiyyətlə başa vuracaq”.

Hakim partiyanın funksioneri hesab edir ki, YAP-a rəqib partiya yoxdur: “Şübhəsiz ki, seçki prosesində müxalif fikirli şəxslər də iştirak edəcəklər. Hazırda parlamentdə 11 partiya təmsil olunur. Bu da YAP-a heç bir problem yaratmır. Gələn çağırış seçkilərində neçə partiyanın parlamentə düşəcəyini deyə bilmərəm, çünki onların mətbəxinə bələd deyiləm. Ancaq müxalif partiyalardan və bitərəflərdən də parlamentə daxil olanlar olacaq”.

“Yerlərini yeni nəslə vermək istəmədilər”

Musa Quliyev AXCP və Müsavatda baş verən prosesləri də qiymətləndirib, deyib ki, bu təşkilatların siyasi partiya olaraq fəaliyyətləri çoxdan başa çatıb: “Bu partiyalarda özlərini yeniləmə və təzələmə imkanları var idi, təəssüf ki, bu şansları qaçırdılar. Çünki həm Müsavatın, həm də AXCP-nin rəhbərliyində olan radikal təfəkkürlü insanlar burada qocalsalar da, yerlərini yeni nəslə vermək istəmədilər. Buna görə də, AXCP və Müsavatın ideyalarını xalq qəbul etmir. Ümumiyyətlə, 25 il müxalifətdə qalan partiyaya və onun liderinə, təbii ki, inam olmaz. Odur ki, bu partiyaların parlament seçkilərindəki şanslarını çox aşağı qiymətləndirirəm”.

Deputat əlavə edib ki, əslində, AXCP və Müsavat Partiyası onları o qədər də maraqlandırmır. Onun fikrincə, bu partiyalarda gedən proseslər daha çox xaricdə Azərbaycanı istəməyən müəyyən qüvvələri maraqlandırır: “Çünki bu siyasi qurumu elə həmin qüvvələr maliyyələşdirir. Onların heç bir perspektivi yoxdur. Xalqın maraq göstərmədiyi heç bir siyasi qüvvənin perspektivi ola bilməz. 25 il ərzində öz ideyalarını sübut etməyən siyasi təşkilatın hansı perspektivi ola bilər ki? Onlar tamamilə öz partiyalarını buraxmalı, başqa müxalif təşkilatlarda birləşməlidirlər. Və yaxud bu partiyalara yeni insanlar gəlməlidir. Kommunist Partiyasının perspektivi nə qədərdir? Yoxdur, çünki dövrünü başa vurdu. Müsavatçılıq və Cəbhə ideyası da artıq öz dövrünü başa vurub. Amma təəssüflər olsun ki, bu partiyaların başında olan insanlar sudan boğulanın saman çöpündən yapışdığı kimi, onlar da həmin təşkilatların skeletindən yapışıblar. Və deyirlər ki, bu qurumla yaşayıb nəfəs alacağıq. Bəlkə, doğrudan da, bu belədir, onlar bu qurumlarla nəfəs alırlar. Çünki onların potensial olaraq məşğul olacağı iş yoxdur. Amma öz nəfslərinin xatirinə bu ideyalara inanıb gələn insanları girov saxlamaq mənəviyyatdan deyil. Hər halda bu, onların öz işidir, bizi o qədər də maraqlandırmır. İqtidar partiyası olaraq Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmlənməsinə biz cavabdehik. Bu mənada bizim də düşüncəmiz odur ki, müxalifət partiyaları cəmiyyətə inteqrasiya olsun, iqtidar partiyası ilə dialoqa meyilli olsunlar. YAP dialoqa açıqdır. YAP İdarə Heyətinin üzvü, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bir neçə dəfə təşəbbüs göstərərək siyasi partiyaları dialoqa dəvət edib. Bu da uğurla nəticələnib. Ancaq kimlər ki, dialoqa gəlmir, radikal mövqe ifadə edirsə, öz işləridir. Azərbaycan hüququ dövlətdir və hər şey qanunla ölçülür”.

Sonda YAP Siyasi Şurasının üzvü deyib ki, təmsil etdiyi siyasi partiya artıq qarşıdan gələn parlament seçkilərinə hazırlığa başlayıb: “Bizdə 1 il öncədən seçki hazırlığına başlanılıb. YAP mərkəzi təşkilatı yerli qurumlarına müvafiq tapşırıqlarını verib. Artıq intensiv şəkildə bu proses gedir. Seçici siyahılarının dəqiqləşdirilməsi, YAP-ın yerlərdəki təəssübkeşlərinin müəyyən edilməsi, seçki təbliğat qruplarının hazırlanması işləri aparılır. Sentyabrda seçkiyə rəsmi start veriləndə proqramımız ortaya qoyulacaq”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər