"ABŞ Yaponiyanın təkpartiyalı demokratiyasını Azərbaycana nümunə kimi göstərə bilər. ABŞ-ın Azərbaycanla münasibətlərində aktivlik var. Bu aktivlik yenidən ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşması ilə müşahidə olunur". Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib: "ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoqstayn Azərbaycana səfər etdi. Azərbaycan Prezidenti ilə görüşdü. Bu görüşə ABŞ-ın Azərbaycana yeni mesajı kimi baxmaq lazımdır. Az keçmiş ABŞ Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Regionu üzrə müavininin yardımçısı R.Hoqland “Yeni İpək Yolu” layihəsini müzakirə etmək üçün Azərbaycana səfərə gəldi. Onu da ölkə prezidenti qəbul etdi. R.Hoqland Bakıdan Türkmənistana yola düşdü. ABŞ-la Azərbaycan arasında müzakirələrin əsas mövzusu enerji və kommunikasiya məsələləridir. ABŞ-ın Azərbaycandakı səfiri mətbuatda ABŞ-ın Azərbaycanda dövlət çevrilişi hazırlaması ilə bağlı yayılan fikirləri təkzib etdi. Səfir velosiped yarışında iştirak etdi. Yarışın şüarı diqqət çəkirdi:
“Qlobal düşün, lokal hərəkət et”. Qloballaşma başlayan dövrlərdə bu şüarı yaponlar ortalığa atmışdı.
Yaponlar həm dünya siyasətində, texnologiyada öndə olmaq, həm də milli kimliklərini qorumaq niyyətindəydilər. Qloballaşmanın dağıdıcı təsirini anlayan ilk millətlərdən biri yaponlar idi. Bu şüara əməl etməklə yaponlar həqiqətən dünyada elm və texnologiyanın, siyasi proseslərin önündə getməklə yanaşı, milli ənənələrini də qorumağa nail oldular".
Politoloq vurğulaypıb ki, səfir R.Sekutanın bu şüar seçiminə Azərbaycana mesaj kimi yanaşmaq lazımdır: "Azərbaycan dünyada gedən iqtisadi, siyasi proseslərin aktiv iştirakçısı olmaqla yanaşı, həm də milli özünəməxsusluğunu, o cümlədən idarəçiliyini qoruyub saxlaya biləcəkdir. Yaponiyanın təkpartiyalı demokratiyası da Azərbaycan üçün nümunə kimi göstərilə bilər. ABŞ Azərbaycanı Şərq dövləti hesab edir. Amma ərəb müsəlman dövlətləri kimi deyil, Yaponiya kimi idarə olunmasını arzulayır".
M.Əhmədoğlu bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi mövqeyində də dəyişiklik var: "Bu dəyişiklik Azərbaycanın, beynəlxalq hüququn və obyektivliyin xeyrinə, Ermənistan işğalçılığının isə əleyhinə idi. C.Uorlik Yenilənmiş Madrid Prinsiplərinin obyektiv açıqlamasını verdi. Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırdı. Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisinin müəyyən edəcəyini bildirdi. Dağlıq Qarabağ əhalisi dedikdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə məcmuyu başa düşülür. Uorlik Sovet dövründə ermənilərin və azərbaycanlıların birgə yaşadığını nümunə göstərdi və bundan sonra da bu iki xalqın bir yerdə yaşayacağını bildirdi. Uorlik Moskvada və Yerevanda verdiyi bəyanatlardan sonra Bakıya gəlməli olduğu halda marşrutunu Vyanaya doğru dəyişdi. Vyanada ATƏT MQ üzvləri ilə (oxu: ABŞ-ın ATƏT-dəki səfir D.Bayerlə) görüşdən sonra Bakıya gələn C.Uorlik Bakıda hərtəfərli davamlı sülh müqaviləsinin hazırlanmasından deyil, Helsinki yekun aktının 3 prinsipi əsasında tənzimlənmədən danışdı. Helsinki yekun aktının üç prinsipi barədə sənədin imzalanması ermənilərin maraqlarına cavab verir. Ermənilər bu sənəddən istifadə edib tənzimlənmə prosesinin başlandığını sübut edəcək və özlərinə investisiya cəlb edəcəklər".
Politoloq deyib ki, ABŞ-ın qısa müddət ərzində mövqeyinin belə dəyişməsinin səbəbi dəqiq bəllidir: "Bu ərəfədə ABŞ Dövlət Departamentinin üç vacib bürosu ABŞ-dakı ermənilərin xahişi ilə onları qəbul etdi, Yaxın Şərqdəki ermənilərin vəziyyətini müzakirə etdilər. Prezidenti S.Sərkisyan və Amerikadakı erməni təşkilarlatı Yaxın Şərqdəki erməniləri ABŞ-ın əlinə antiiran, antisuriya alət kimi verməklə Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-ın Azərbaycanın xeyrinə dəyişmiş mövqeyini neytrallaşdıra bildilər. Həm də İranla müqavilə imzalandıqdan sonra ABŞ başa düşdü ki, indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ABŞ-dan daha çox Rusiyanın maraqlarına cavab verir. Rusiyanın İranla altılıq arasında müqavilənin imzalanmasından dərhal sonra aktivləşməsinin səbəbi də budur. Hər halda Dağlıq Qarabağ münaqişəsinin ən ədalətli tənzimləyicisi Azərbaycan ordusudur. Təki onun aktivliyi azalmasın. Çox təəssüf ki, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki aktivliyi qısa müddət davam etdi. Azərbaycan reallıqları ABŞ-ı yenidən obyektiv mövqeyə qayımağa vadar edəcək".