Bayram Səfərov: “Dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər”
Elman Məmmədov: “Onların aqibəti Azərbaycan torpaqlarını işğal edən cinayətkaların aqibəti kimi olacaq”
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə köçmüş rusiyalı milyonçu German Sterliqovun arvadı Alyona Sterliqova Şuşanın Cıdır düzündə moda sərgisi keçirib. Erməni qızları moda evi təsis etmiş Alyona Sterliqovanın hazırladığı geyimləri Cıdır düzündə nümayiş etdiriblər. Əsas moda nümayişinin isə avqustun 29-da keçiriləcəyi gözlənilir. Həmin gün Alyona Sterliqovanın moda nümayişi ilə yanaşı, German Sterliqovun təşkil etdiyi at yarışları da olacaq.
Sterliqovun xanımının Şuşada açdığı moda evində artıq paltar satmağa başladığı xəbəri də yayılıb.
Qeyd edək ki, iyulun 4-dən ailəsi ilə birlikdə Dağlıq Qarabağa köçən German Sterliqov Azərbaycan Baş Prokurorluğu tərəfindən 2 cinayət maddəsi üzrə İnterpol-un axtarışına verilib.
G.Sterliqov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb və barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, G.Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya İnterpolun tam hüquqlu üzvüdür: “1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan İnterpol dövlətlərarası beynəlxalq qurumdur. German Sterliqov əsasən İnterpolun üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili də nəzərə alaraq, onun barəsində İnterpol vasitəsilə axtarış verilib. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin ”Çiraqov və digərləri Ermənistana qarşı" işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb".
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Exo Moskvı” radiosuna müsahibəsində German Sterliqovun “Dövlət sərhədi”, “Pasportlar haqqında” qanunlarını və ən əsası, Azərbaycan Miqrasiya Məcəlləsini ciddi şəkildə pozduğunu deyib. Səfir G.Sterliqovun hərəkətlərini təxribat adlandırıb və münaqişə zonasında atəşkəs rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vətəndaşlarını münaqişə zonasına səfər etməkdən çəkinməyə çağırıb.
P.Bülbüloğlu G.Sterliqovun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini qeyd edərək, məsələ ilə Azərbaycan Baş Prokurorluğunun məşğul olduğunu deyib və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan ilə Rusiya arasında mövcud olan geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə olunacağını vurğulayıb.
German Sterliqovun vəkili Artur Ayrapetov İnterfaksa açıqlamasında deyib ki, onun həyat yoldaşı və uşaqları Rusiyaya qayıdıb: “German Sterliqov Ermənistan ərazisini tərk edə bilmir, çünki ona xəbərdarlıq ediblər ki, Rusiya sərhədçiləri onu saxlayacaq, o, sərhəddə tutulmaqdan ehtiyat edir”.
Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov əvvəlcə German Sterliqovun həyat yoldaşının Cıdır düzündə keçirdiyi moda mərasimi barədə şərh verib. Onun sözlərinə görə, Cıdır düzü Şuşanın bir hissəsidir, bizim qanunlarımız faktiki orada işləmir: “German Sterliqov kimi şəxsin həyat yoldaşı Şuşada moda nümayişi də edə bilər, özünü də satar, əxlaqsızlıq yuvası da açar. Bunlar qanuna hörmətsizlik edən və cinayətkar ünsürlərə qoşulan ailədir. Onların aqibəti Azərbaycan torpaqlarını işğal edən cinayətkarların aqibəti kimi olacaq. Biz doğma yurdumuza gedəndə onlar cəzalarını alacaqlar. Gücümüz ona çatır ki, onların vətəndaşı olduğu ölkələrə müraciət edib barələrində tədbir görülməsinə nail olaq. Başqa mexanizmimiz yoxdur ki, onların qulağından tutub həbsxanaya salaq”.
E.Məmmədov əlavə edib ki, G.Sterliqov sərhədlərimizi qeyri-qanuni keçərək ərazi bütövlüyümüzə hörmətsizlik edib: “Həmin şəxs ”arzuolunmaz şəxslər" siyahısına daxil edilməklə bərabər onunla bağlı müvafiq tədbirlər görülməsi üçün vətəndaşı olduğu ölkəyə də müraciət edilib. O, ölkəsində özünün anormal hərəkətləri ilə tanınmış şəxsdir. Milliyyətçi-ekstremist, qanuna zidd əxlaqı ilə tanınan şəxsdir. Qeyri-qanuni cinayətkar yolla qazandığı pulları terrorçuların, özünə oxşayan ünsürlərin, separatçıların yuva saldığı işğal olunmuş Azərbaycan torpaqlarında xərcləmək istəyir. Onun Azərbaycana təhvil verilməsi yəqin mümkün olmayacaq, çünki özü kimi cinayətkarların yanında sığınacaq tapıb.
Torpaqlarımızı işğaldan azad edəndə cinayətkar ünsürlərin yeri harada olacaqsa, Sterliqov da həbsxanaya gedəcək, ya da qaçıb özünə yeni sığınacaq axtarmalı olacaq. Bu gün onu həbs edə bilmirik, əlimizdə elə bir mexanizm yoxdur ki, onu cəzalandıraq. Torpaqlarımız cinayətkarların işğalı altındadır, bu cinayətkar da gedib separatçılara qoşulub onlarla birlikdə Azərbaycan qanunlarını pozmaqla məşğuldur".
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sözügedən situasiya ilə bağlı qısaca belə cavab verdi: “Şuşada dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər. Orada adam var ki, buna baxsın?”
NƏRGİZ