14 Avqust 2015 18:20
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhəddin Əkbər: “Seçkilərə getməməklə bağlı mövqe daha güclüdür”

Azad Demokratlar Partiyası “Azadlıq-2015” Seçki Blokundan çıxa bilər. Bu informasiya adı çəkilən seçki blokunda təmsil olunan bir neçə siyasi partiyanın seçki dairələri üzrə namizədlər siyahısını müzakirə etdiyi bir məqamda ortaya çıxıb. Bu isə o deməkdir ki, AzDP-nin blokdan çıxacağı halda bu qurumun razılaşdırdığı seçki dairələrində də problem yaranacaq.

Məsələni dəqiqləşdirmək üçün AzDP sədri Sülhəddin Əkbərlə əlaqə saxladıq. Partiya sədri bu haqda deyilənləri təkzib etmədi. Bildirdi ki, hazırda partiya daxilində seçkilərdə iştirak edib-etməməklə bağlı konkret mövqe yoxdur: “Bildiyiniz kimi, biz yeni partiyayıq. Düşünürdük ki, seçkilərdə iştirak edəcəyik. Ümumilikdə namizədlərimizin ondan çox olacağı da gözlənilirdi. Lakin indi çətinlik yaranıb. Belə ki, biz partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Sonradan bu məsələyə məhkəmə vasitəsilə aydınlaşdırma gəlməsini qərara aldıq. Lakin yerli və apelyasiya məhkəməsi iddiamızı təmin etmədi. Məcbur olub Ali Məhkəməyə şikayət verdik. Ancaq Ali Məhkəmə şikayətə baxıb və onu yenidən apelyasiya instansiyasına göndərib. Səhv etmirəmsə, Apelyasiya Məhkəməsi bu işə sentyabrın 23-də baxacaq”.

S.Əkbər əlavə edib ki, onlar dövlət qeydiyyatına alınacaqlarını və seçkilərdə iştirak edəcəklərini düşünürlərmiş: “Ancaq indi vəziyyət fərqlidir və qeydiyyatla bağlı problemimiz qalır. Bu da partiya üzvləri arasında müəyyən narazılıq və narahatlıq yaradır. Odur ki, hazırda seçkilərdə iştirakla bağlı qəti mövqe yoxdur. Əksinə, seçkilərə getməməklə bağlı mövqe daha güclüdür. Hazırda AzDP Məclisinin sədri məzuniyyətdədir. Çox güman ki, sentyabr ayı ərzində Məclisin toplantısı çağırılacaq və yekun qərar da orada veriləcək. Əgər seçkiyə gediləcəksə, biz blokla gedəcəyik. Yox əgər fərqli qərar qəbul olunacaqsa, bu zaman “Azadlıq-2015” seçki blokunda olmayacağıq. Əgər seçkilərdə iştirak etməyəcəyiksə, təbii ki, seçki blokunda təmsilçiliyimizin olması doğru deyil”.

Sülhəddin Əkbər sabiq baş prokuror İxtiyar Şirinlə sabiq korpus komandiri Surət Hüseynovun mətbuatda mübahisəsi konteksində adının çəkildiyi epizodla bağlı da fikrini açıqlayıb. Qeyd edək ki, qiyamçı polkovnik Surət Hüseyn iddia edib ki, S.Əkbər onun otağında AXC hökumətinin ona qarşı atdığı addımları, göstərdiyi münasibəti səhv adlandırıb.

S.Əkbər isə qeyd edib ki, onun yanında belə bir söhbət olmayıb və deyilənlər həqiqətə uyğun deyil.

Cavidan


Müəllif:

Oxşar xəbərlər