16 Avqust 2015 23:54
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) parlament seçkilərinə hazırlıq vəziyyəti ilə bağlı Teleqraf.com-a acıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, bu günə olan nəticəyə görə, artıq partiyanın seçkidə iştirak edəcək namizədlərinin sayı 80 nəfərdir:

“Xalq Cəbhəsi birləşəndən sonra qərar vermişik ki, bütün seçkilərdə siyasi partiya olaraq iştirak edək. 15 ilə yaxındır ki, bütün seçkilərdə iştirak edirik. Partiyanın əsas işi həm də seçkidə iştirakdır. Artıq partiyanın 80 dairəsindən namizədlərimiz bəllidir və proses davam edir. Bu namizədlərin hamısı partiyanın rəhbər strukturunda çalışan, sədr, sədr müavinləri, İdarə Heyətinin üzvləri, şöbə müdirləri və partiyanın rayonlarda fəaliyyət göstərən rəhbərləridir. Ancaq biz partiya olaraq fikirləşirik ki, yalnız öz üzvlərimizi deyil, hakim partiya istisna olmaqla, bitərəflərin və digər müxalif partiyaların namizədlərini də dəstəkləyə bilərik. Məsələn, hansısa dairədə öz namizədimiz olmayacaqsa, bizimlə əməkdaşlıq edən digər partiyanın namizədini dəstəkləyəcəyik, partiyamızın üzvü olmayan nüfuzlu şəxsləri də BAXCP-nin namizədi kimi müdafiə edə bilərik. Bununla bağlı mürəciət edənlər də var. BAXCP İdarə heyətində qərar qəbul edəcəyik. Daha sonra təbliğat kampaniyasına start verilməsini gözləyəcəyik və öz platformamızı çap edib yayacağıq”.

Niyaməddin Orduxanlının fikrincə, BAXCP bu seçkidə ciddi uğur qazanacağına ümüd edir:

“Milli Məclis həm də hakimiyyətin bir qolu kimi ölkəni dünyada təmsil edir. Bu baxımdan parlamentdə hazırlıqlı adamların olması tələb olunur. Milli Məclis çoxlu beynəlxalq təşkilatlarda təmsil olunur, ora hazırlıqlı adamları göndərmək lazım gəlir. Ona görə də ümid edirəm ki, növbəti parlamentimiz indikindən də güclü olacaq.

Bu seçkilərdə seçicilərin layiqli müxalifət nümayəndələrinə, yəni ölkədə uzun illər ərzində normal müxalifətçilik edən partiyaların nümayəndələrinə, xüsusən də, BAXCP-nin namizədlərinə səs verəcəklərinə ümüd edirəm. İnanıram ki, onlar bizim namizədlərimizin parlametdə normal təmsilçiliyini müdafiə edəcəklər. Bu isə parlamentin idarə olunmasında müxalifətin iştirakı demək olacaq.

Çox təəssüf ki, Azərbaycan parlamenti Cənubi Qafqazda fraksiyası olmayan yeganə parlamentdir. Düşünürəm ki, bu seçkidə reallaşacaq dəyişikliklər bizim parlamentin imicinin dəyişməsinə və daha da möhkəmlənməsinə imkan verəcək. Və Azərbaycan Qafqazda parlamentdə fraksiyası olan ölkələrdən birinə çevriləcək.”


Müəllif:

Oxşar xəbərlər