17 Avqust 2015 14:00
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərdoğan seçki bazasını genişləndirmək üçün İŞİD və PKK-ya qarşı hərbi əməliyyatlar aparır. AKP bununla həm də Qərbin dəstəyini qazanmaq istəyir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyənin Suriya və İraq ərazilərində İŞİD və PKK terror təşkilatlarına qarşı apardığı hərbi əməliyyatları şərh edərkən bildirib. Onun sözlərinə görə, hazırda Türkiyə Yaxın Şərqdə gedən böyük oyunun iştirakçısına çevrilib: "Əlbəttə, Türkiyə bu oyuna cəlb edilib, öz istəyi ilə qoşulmayıb. Ərdoğan və onun komandası üçün hakimiyyət daha əhəmiyyətlidir, nəinki Türkiyənin gələcəyi. Siyasi mübarizənin məntiqi onu öz səmtini dəyişməyə məcbur etdi. Minnətli demokratiya olmur. Hər bir insanın, xalqın haqqı təmin edilməlidir".

Ötən həftə Gürcüstana, daha sonra Ermənistana qaçaraq iz itirməyə çalışdıqları deyilən türkiyəli sabiq prokurorlar - Zəkəriyyə Öz və Cəlal Karanın hərəkətlərini də şərh edən politoloq bildirdi ki, öz şəxsi və qrup maraqlarını dövlət mənafeyindən üstün tutan məmurların hamısı türkiyəli prokurorlar kimi azacıq çətinə düşən kimi ölkəni tərk edirlər: "Görünür, Türkiyənin hüquq-mühafizə sistemi, femidası, hətta siyasi hakimiyyəti o qədər də etibarlı əllərdə deyil. Zəkəriyyə Öz və Cəlal Karanın günahsız generalları, zabitləri həbs etdirməsi o qədər də keçmiş tarix deyil. Özünü qoca, təcrübəli və böyük dövlət adlandıran bir ölkədə bu cür təhlükəli oyunların getməsi olduqca düşündürücüdür".

Z.Əlizadə qeyd etdi ki, Türkiyədə koalisiya hökumətinin baş tutmaması, siyasi partiyalar arasında dərin uçurumun olmasından xəbər verir: "Hesab edirəm ki, növbədənkənar seçkilərdə AKP daha çox səs toplayacaq. Elə bir vəziyyət yaradacaqlar ki, HDP-dən olan kürd deputatlar ya seçkilərdə iştirak etməsin, ya da səsləri sayılmasın. Növbədənkənar seçkilərdə qalib gəlmək naminə hərbi əməliyyatlar aparmaq, qan tökmək heç kəsə başucalığı gətirməyəcək".

Ayxan


Müəllif:

Oxşar xəbərlər