Milli Şura qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcək. Bununla bağlı qurum rəsmi qərar verməsə də, Şura rəhbərlərinin son açıqlamaları göstərir ki, 2015-ci il seçkiləri Milli Şuranın və AXCP-nin iştirakı olmadan keçiriləcək.
Üstəlik ötən gün Milli Şura qarşıdan gələn seçkilərlə bağlı bəyanat yayıb. Bəyanatda açıq göstərilir ki, qurum seçkilərdə iştirak etməkdə maraqlı deyil. Bu səbəbdən də müəyyən şərtlər irəli sürür. Bu şərtlərin qəbul edilməsi ehtimalları isə sıfıra bərabərdir. Milli Şuranın bitərəf üzvləri isə bu cür siyasətin izlənməsinin əleyhinədirlər. Düzdür, bu istiqamətdə konkret açıqlama vermirlər, lakin qeyri-rəsmi söhbətlər zamanı qeyd edirlər ki, Milli Şura rəhbərliyinin şəxsi maraqları səbəbindən bu qurumun seçkilərə getməməsi, sadəcə olaraq, siyasi intihardır. Məsələ ondadır ki, Milli Şurada təmsil olunan, əsas ümidlərini 2015-ci il seçkilərinə bağlayan çoxlu sayda bitərəf namizəd bu qərarı doğru hesab etmir. Üstəlik Milli Şuranın seçkilərdə iştirak etməsi və ya etməməsi haqqında qərarı Milli Şuranın sessiyası verə bilər. Ancaq indilikdə bu kimi qərarları vermək səlahiyyətində olan qurum kimi Milli Şuranın Koordinasiya Mərkəzi göstərilir. Bu isə Milli Şuranın əsasnaməsinə ziddir. İkinci məqam odur ki, hazırda Milli Şuranın üzvlərinin sayı 70-dən çox deyil. Onların bir çoxu isə ümumiyyətlə, tanınmır. Sadəcə olaraq, Milli Şura üzvləri istefa verdikdən sonra AXCP üzvlərindən kimlərsə bura əlavə olunur və beləliklə, boş qalan yerlər doldurulur. Bu şəxslərin parlament seçkilərində iştirak edəcəyi isə ehtimal olunmur. AXCP və Milli Şuraya bələd olanlar hesab edirlər ki, indiki reallıqlar içərisində əgər bu iki qurum seçkilərə gedərsə, ən yaxşı halda 30-35 seçki dairəsi üzrə namizədlər irəli sürə bilərlər. 125 seçki dairəsi üzrə namizəd irəli sürmək müzakirə mövzusu ola bilməz.
Mənbə onu da qeyd edib ki, əgər Milli Şura seçkilərə getməyəcəksə, bu zaman istefalar mərhələsi yenidən başlanacaq.
Hazırda Milli Şurada ona yaxın insan var ki, seçkilərə qatılmaq istəyir. Onlar həm də Milli Şura rəhbərliyinin prezident seçkilərində iştirak edib, parlament və bələdiyyə seçkilərini boykot etmək taktikasını da zərərli hesab edirlər. Onlara görə, prezident seçkilərində iştirak qərarı verəndə qurumun rəhbərləri sadəcə olaraq öz oyunlarını qurur və maraqlarına nail olmaq istəyirlər. Lakin parlament seçkiləri gələndə bu prosesdə iştirakdan imtina edirlər. Çünki parlament seçkilərində yalnız rəhbərlikdə təmsil olunanlar deyil, sıravi üzvlər də öz maraqları konteksində oynamaq imkanı əldə edirlər, müəyyən qədər müstəqil və sərbəst seçki fəaliyyətində olurlar. Bu isə Milli Şura rəhbərliyini qane etmir. Qeyd olunur ki, əgər boykot qərarı veriləcəksə, bu zaman Milli Şurada təmsil olunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli istefaya gedəcək. Eləcə də, Vətəndaş Həmrəyliyi Partiyasının bir neçə üzvü istefa verməli olacaq. Bundan başqa, bir neçə bitərəf üzv də istefa verərək seçkilərə fərdi şəkildə qatılacaq.
Mənbə onu da bildirir ki, indilikdə Müsavat Partiyası və “Azadlıq-2015" Seçki Blokunun taktikası daha doğrudur. Bu iki təşkilat seçkilərdə iştirak haqqında qərarını verdikdən sonra seçki öncəsi şəraitlə bağlı müəyyən təşəbbüslərdə bulunur.
Milli Şuranın rəhbərliyi isə seçkilərdə iştirak etmək niyyətində deyil, lakin seçkilərlə bağlı müəyyən şərtlər irəli sürür. Bu isə həm cığallıq, həm də bəhanə kimi qiymətləndirilir. Mənbə bir daha qeyd edir ki, indiki halda Milli Şuranın seçkilərə qatılmaması siyasi intihardan başqa bir şey deyil.
CAVİDAN