21 Avqust 2015 15:38
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Avropa ölkələri Afrika və Yaxın Şərqdən gələn miqrant axınının qarşısını xüsusi hasarlar, polis və hərbçilərin köməyi ilə almağa çalışırlar.

Belə ki, Fransanın Kale şəhəri miqrantların yerləşdirilməsi üçün Böyük Britaniya və öz hökumətindən 50 milyon avro vəsait tələb edib. Artıq şəhərdə miqrant düşərgələri deyil, böyük bir şəhərcik salınıb. 15 mindən çox mühacirin ehtiyaclarını ödəməyə isə maddi vəsait çatmır. Fransa və Böyük Britaniya rəhbərliyi problemin həlli üçün şəhərdə birgə mərkəz yaratmaq barədə razılığa gəlib.

Serbiyada isə vəziyyət tamamilə fərqlidir. Mühacirləri əziz qonaq kimi qəbul edən ölkənin Baş naziri Aleksandr Vuçiç Qərbi Avropaya üz tutan miqrantların yerləşdirilməsi üçün xüsusi hotel də ayırıb. Qonşu Macarıstan isə Serbiyanın əksinə olaraq miqrantların qarşısını almaq üçün bu ölkə ilə sərhəddə kilometrlərlə uzanan divarlar çəkib, sərhəd bölgələrə minlərlə polis qüvvələri göndərib.

İtaliya və Yunanıstan da mühacir axınının qarşısını almaq üçün yollar axtarır. Qeyd edək ki, son bir həftə ərzində Yunanıstan adalarına 10 minlərlə qeyri-qanuni mühacir üz tutub.

Bu arada Avropa İttifaqı 40 min suriyalı qaçqının üzv ölkələr arasında paylanılması məsələsində razılığa gəlib. Lakin, Slovakiya öz payına düşən 200 suriyalı qaçqının yalnız xristianlardan ibarət olması ilə bağlı qurumun qarşısında şərt qoyub. Xarici İşlər Nazirliyi isə müsəlman qaçqınlara sığınacaq verə bilməməsini bu ölkədə məscidlərin olmaması ilə əlaqələndirib.

Bundan əvvəl isə Çexiya da Suriyadan olan qaçqınlardan ancaq xristianlara sığınacaq verəcəyini açıqlayıb.

“Dünya əhalisinin yerdəyişməsində əvvəlki kimi humanistlik qalmayıb”

Göründüyü kimi, Avropa ölkələrinin siyasətlərində ksenofobiya və irqçilik artıq ciddi faktora çevrilməkdədir. Bu istiqamətdə fikirlərini qəzetimizlə bölüşən politoloq Qabil Hüseynli bildirib ki, son dövrlərdə qloballaşmanın doğurduğu kəskin ziddiyyətlər üçüncü dünya ölkələrinin iqtisadi vəziyyətinə, xüsusən insanların maddi rifah halına çox mənfi təsir göstərib. Onun sözlərinə görə, bu hal müsəlman ölkələrində daha qabarıq hiss olunub: “Bu səbəbdən də müsəlman ölkələrindən Avropa ölkələrinə mühacirət prosesi xeyli artıb. Bunu nəzərə alaraq son dövrlərdə Avropanın özündə mühacirət qanunları ciddi surətdə ”təkmilləşdirilir" və başqa dindən, xüsusən İslam dinindən olan insanlara qarşı qeyri-humanist münasibəti təzahür etdirən qanunlar qəbul edirlər. Məsələn, mühacirət edənlər arasında müsəlmanların çoxluğunu nəzərə alıb Avropa ölkələri artıq İslam dininə etiqad edən insanları qəbul etmək istəmirlər. Eyni zamanda, qəbul etmək məsələsində də müxtəlif cür bəhanələr qoyurlar. Məsələn, məscid yoxdur, ölkədə konfessiyalararası münasibətlərdə gərginlik var, müsəlmanlar həmişə gərginlik mənbəyi olaraq qalır və yerli qanunlara çətin uyğunlaşır, çətin adaptasiya olunurlar və sair. Bu kimi məsələlərlə özlərinin hərəkətlərini ört-basdır edirlər. Özü də qaçanların çoxu daha çox müharibələrin və toqquşmaların olduğu bölgələrdəndir. Bu isə onu göstərir ki, dünya əhalisinin yerdəyişməsində əvvəlki kimi humanistlik qalmayıb".

“Qərb ölkələri tədbirlər görmək istəmirlər”

Q.Hüseynli bildirib ki, Avropa ölkələrinin çoxunda, Almaniyanın özündə nasizm yenidən dirçəlir: “Qırxıqbaşlar PEGİDA adlı hərəkat yaradıblar. Başqa ölkələrdə sağlar, qatı, radikal millətçilər parlament seçkilərində üstünlük qazanırlar. Onlar həmişə seçkiqabağı platformalarında ölkəyə bir dənə də olsun mühacir buraxmayacaqları haqqında vədlər verirlər. Yəni, Avropanın özündə artıq mühacir hərəkatına qarşı ideoloji səviyyədə, xüsusi baxışlar formasında nifrət əmələ gəlib. Onlar bu nifrəti konkret, praktiki hərəkətlərində büruzə verirlər. Bu isə müasir sivilizasiyalararası münasibətlərin tənzimlənməsində ciddi problemlər yaradır. Vaxtilə amerikalı sosioloq Samuel Hantinqton ”Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində göstərirdi ki, vaxt gələcək müxtəlif sivilizasiyalara, yəni İslam və xristian sivilizasiyasına mənsub olan xalqlar arasında ciddi toqquşmalar meydana gələcək. Çünki onların dünyagörüşü və həyata baxışlarında, həyat tərzlərində ciddi fərqlər var. Bu nöqteyi-nəzərdən indi yaranmış şəraiti, özü də dünyanın Yaxın Şərqdə pozulmuş düzəninin günahkarı olan inkişaf etmiş Avropa və Şimali Amerika ölkələrinin özləri heç bir məsuliyyəti öz üzərlərinə götürməyərək mühacir məsələsində də nə beynəlxalq təşkilatlar xətti ilə, nə də özlərinin təşəbbüsü ilə bu məsələni nizama sala biləcək tədbirlər görmək istəmirlər. Çünki, əslində İraqdan, Suriyadan, eləcə də, başqa ölkələrdən mühacir axınının böyük səbəbkarı məhz Qərbdir. Qərbin adları çəkilən ölkələrdə mövcud rejimlərə qarşı mübarizəsi, onları dəyişmək istəməsi və bu dəyişmə nəticəsində ölkədə xaos və anarxiyanın yaranması həmin ölkələrdən kütləvi mühacir axınına səbəb olub".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər