Xəbər verdiyimiz kimi, AXCP rəhbərliyinin apardığı siyasətə etiraz olaraq bir qrup keçmiş cəbhəçinin mətbuat konfransı keçirməsindən sonra partiya bir-birinə dəyib. Hazırda etirazçılar AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar və alternativ AXCP qismində fəaliyyətə başlayıblar.
AXCP-nin rəhbərliyində olan şəxslər isə ona alternativ yaradılmasını pisləyir, bu qurumun uğursuzluğa düçar olacağını bəyan edirlər. Lakin görünən budur ki, Əli Kərimlinin siyasətindən narazı olan kəsim AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinə meyil etməyə başlayıb.
Hövsan cəbhəçiləri AXCP rəhbərliyindən imtina edir
Dünən daha beş cəbhəçi narazılara qoşulub. AXCP-nin Hövsan təşkilatında fəaliyyət göstərən cəbhəçilər - Muradov Samir, Mirvəlişov Seymur, Məmmədov Füzuli, Əzizov Vüsal və Hacıyev Samir bəyanat yayaraq bildiriblər ki, Əli Kərimlinin partiya daxilində yaratdığı anti-demokratik mühitə etiraz olaraq alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulurlar: “Hövsan cəbhəçiləri olaraq bəyan edirik ki, Əli Kərimlinin rəhbərlik etdiyi dövrdə partiya daxilindəki anti-demokratik mühitə, maliyyə şəffafsızlığına, saxtakarlıqlara, bir qrup şəxsin partiya daxilində fironluğuna etiraz olaraq alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulduğumuzu elan edirik və bundan sonra fəaliyyətimizi orada davam etdirəcəyik”.
AXCP-nin Beyləqan təşkilatının çoxlu sayda üzvünün də alternativ AXCP-yə keçdiyi deyilir. Bu haqda Eltural Mürsəlzadə məlumat yayıb. Onun sözlərinə görə, Beyləqanda Əli Kərimlidən bezən cəbhəçilər ona dəstək verir: “Uğurla gedirik. 300-dən çox cəbhəçi, vətənini sevən insanlar, Əli Kərimlinin üzündən fəaliyyətsiz qalan şəxslər bizə dəstəkdir. Birlikdə və səmimi olaraq AXCP-ni Əli Kərimlinin işğalından xilas edəcəyik”.
Cəbhəçilərə müraciət: “Əli Kərimli istefa versin, yerinə ləkələnməyən cəbhəçi gəlsin”
AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin üzvü olan Ehtiram Mehdiyev də cəbhəçilərə müraciət edib: “Bizim məqsədimiz partiyanı bölmək deyil. Məqsədimiz partiyanın daxilində demokratiyanı bərpa etməkdir. Bu gün xalq da şəxsi mənafeyini güdən müxalifətə inanmır. Xalq 25 ildir gördüyü simalardan imtina edib, yeni simalar görmək istəyir. Bunu hər kəs yaxşı bilir. Biz bəzən bununla barışmırıq. Amma gəlin həqiqətə söykənək. Əli Kərimli istefa verməli və yerinə yeni baxışlara malik, ləkələnməyən bir cəbhəçi gəlməlidir”.
Narazıların təhqir edilməsi tələb olunur
Bu arada partiyadan narazı qalıb bir araya gələnlər AXCP sədri Fuad Qəhrəmanlının onlarla bağlı AXCP üzvlərinə, xüsusilə, gənclərə verdiyi tapşırığı əldə ediblər. Qəhrəmanlının AXCP-nin sosial şəbəkələrdə aktiv olan üzvlərinə verdiyi təlimat “Salam dostlar, bugünkü işimiz” başlığı ilə təqdim edilir. Qəhrəmanlı gənc cəbhəçilərə təlimat verərkən qeyd edib ki, günün ən vacib məsələsi partiyadan qovulmuşların AXCP adına iddia edən təşkilat yaratdığını bəyan etməsidir: “Bu adamların xəyanətinə birmənalı qiymət verilməli və onlar ictimai rəydə satqın kimi tanınmalıdırlar. Ona görə də hər kəsin bu işdə iştirakına ehtiyac var və partiyada bir nömrəli hazırlıq elan olunur. Bu məqsədlə mətbuat konfransında iştirak edənləri dostluqdan çıxarma aksiyası keçiririk. Hamı bu adamları dostluqdan çıxardığı barədə status yazsın. Bu adamlar heç bir cəbhəçinin dostluğunda olmamalıdırlar. Cəmiyyət də görməlidir ki, belələri rədd edilir. Heç kim də sonra deməsin ki, mən dostluqdan çıxardım, ancaq bu barədə status yazmadım. Çünki biz bu işi ictimai rəyin qınaq aksiyası kimi nəzərdə tuturuq. Dostlar, kimsə oxuyub keçməsin, monitorinq edəcəyik. Dostluqdan çıxarma barədə statuslar yazmaq işin əsasıdır”.
Qeyd edək ki, Qəhrəmanlının statusu göstərir ki, həqiqətən də AXCP-yə bağlı olan və sosial şəbəkələrdə aktivliyi ilə seçilən bir qrup gənc var və onlara yuxarıdan göstəriş gələndə hansısa siyasətçiləri tənqid və təhqir edərək onun barəsində rəy yaradırlar. İndiyə qədər bu aktiv cəbhəçilərdən İsa Qəmbərə, Sərdar Cəlaloğluna, Mirmahmud Mirəlioğluna, Eldar Namazova və digər siyasətçilərə qarşı istifadə edilib. İndi isə onlardan istənilir ki, uzun müddət eyni partiyada olduqları narazı cəbhəçiləri təhqir etsinlər.
CAVİDAN