"Azadlıq-2015" siyasi partiyalar bloku seçki dairələri üzrə namizədlərini müəyyənləşdirir. Avqustun 26-da blokun sədrlər şurasının toplantısı keçirilib. İclasda Milli Məclisə təyin edilmiş seçkilrlə bağlı seçki dairələri üzrə razılaşdırılmış namizədlərin ilkin siyahısı açıqlanıb.
Seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi davam etdirilir. "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiyaların razılaşdırılmış namizədlərin tam siyahısının yaxın günlərdə elan olunacağı bildirilir. Əldə etdiyimiz məlumata görə, hazırda blok daxilində bəzi seçki dairələri üzrə problemlər yaranıb. Belə ki, bir dairəyə 3-4 partiyanın namizədi iddia edir və geri çəkilmək istəmir. Bütün bu məsələlər haqqında blokun təsisçilərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlu danışıb. Deyib ki, artıq "Azadlıq 2015" seçki blokunun 55-ə qədər namizədi elan edilib. Onun sözlərinə görə, bloka daxil olan siyasi partiyaların irəli sürdüyü namizədlərin 50-yə qədəri dairələr üzrə toqquşur: "Bu səbəbdən onların adları elan edilməyib. Yaxın günlərdə çalışacağıq ki, onları da müəyyən edək. Seçkiyə start veriləndə dairələr üzrə namizədlərimiz bəlli olsun. İndilikdə 50-yə qədər namizədi öz aramızda müəyyən edə bilmirik. Yəqin ki, iddialı namizədlər arasında görüş keçirəcəyik və ya başqa yollar tapacağıq ki, bu dairələr üzrə də namizədlərimiz bəlli olsun".
KXCP sədri deyib ki, "Azadlıq-2015" seçki bloku 100-dən çox namizəd irəli sürməyi nəzərdə tutub: "Ancaq dediyim kimi, bəzi dairələrdə alternativ olduğu üçün hələlik bu dairələr üzrə namizədlər elan edilmir. Mümkündür ki, bəzi dairələr sərbəst buraxılsın. Bu, variantlardan biridir. Təcrübədə belə hallar olub. Eyni zamanda, müəyyən narahatçılıqlar da ola bilər, bəzi şəxslər namizədliyinə görə seçim qarşısında qala, partiya ilə münasibətlərinə aydınlıq gətirə bilər. Təcrübədə bu cür hallarla çox rastlaşılıb. Bütün bunların baş vermə ehtimalı mümkündür".
M.Mirəlioğlu deyib ki, özü də namizədliyini 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən irəli sürəcəyini elan edib: "Mənim qərarım tezləşdi. İnzibati olaraq 42 və 43-cü seçki dairələrində müəyyən dəyişiklik olub. Üç dairədə ərazi inzibati dəyişiklik edilib və bu dairənin ikisi Sumqayıta düşdü. Mənim namizədliyim 42 və ya 43-cü dairədən olmalı idi. Son anda qərara gəldik ki, 43 saylı dairə olsun. Bütün hallarda bu, Sumqayıt ərazisidir və mümkündür ki, dairə dəyişilsin".
Qeyd edək ki, Müsavat Partiyası, AMİP, ADP və digər siyasi qüvvələr seçkilərdə iştirak qərarını verib. Lakin bu günə qədər partiyalar arasında bir-birinin namizədini müdafiə etmək kimi razılıq yoxdur və buna cəhd də edilmir. M.Mirəlioğlu isə deyir ki, hələlik siyasi qüvvələr arasında bununla bağlı danışıqlar aparılmır: "Lakin istisna deyil ki, belə danışıqlar aparılsın. Təcrübədə nə varsa, onlar tətbiq edilə də, edilməyə də bilər. Hazırda bu mövzuda müzakirə aparmaq üçün bizə müraciət yoxdur. İkincisi, rəsmi və qeyri - rəsmi formada belə anlaşma ola bilər. Ancaq bu an üçün belə istiqamətdə barmaq tərpətmir. Hesab edirəm ki, bütün bunlar seçki ilə bağlı olduğundan mümkündür ki, məsələlər son gündə həllini tapsın. Proses belədir ki, seçkiyə start verilir, bir qism namizədliyini irəli sürür və ya vəziyyəti qiymətləndirərək kimisə dəstəkləyir. Məsələn, bizim namizədlərimizin açıqlandığı ilkin siyahı var. Başqa partiyalar da ilkin olaraq namizədlərini açıqlayıb. Bəzi dairələrdən onların da namizədi var. Bu mənada, istənilən hal mümkündür. Kimsə kimisə dəstəkləyə də, dəstəkləməyə də bilər. Seçki mürrəkkəb prosesdir. Biz indi görürük ki, müxalifətin seçkilərlə bağlı koordinasiyası, fəaliyyətin istiqamətləndirilməsi kimi hallar yoxdur. Ancaq hesab edirik ki, bunun üçün çalışmaq lazımdır. Başqa cür mümkün deyil. Seçkiyə görə çox şeylər olur və siz də gördünüz ki, "Qarabağ" Blokunda nələr baş verdi. Çalışmaq lazımdır ki, müxalifətin koordinasiyası baş tutsun, müsbət addımlar olsun".
Nemət