İran prezidenti Həsən Ruhani İran və Azərbaycanın qarşılıqlı maraqlara təmini üçün çox çalışdığını bildirib.
"Azərbaycanla İran arasında çox geniş əməkdaşlıq var və bu əməkdaşlığın daha artıq inkişafı üçün imkanlar genişdir”, - deyə H.Ruhani avqustun 29-da Tehranda keçirilən mətbuat konfransında Trend-in müxbirinin sualının cavabında bildirib.
İran və Azərbaycan arasında iqtisadi sahədə və Xəzər dənizi ətrafında birgə əməkdaşlıq məsələsinə toxunaraq prezident bildirib ki, Azərbaycanla neft sahəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün müzakirə aparırıq.
H.Ruhani həmçinin bildirib ki, iki ölkə arasında yalan məlumatlar yayımlanması azalıb və bu gün hər iki ölkə arasında əlaqələrin inkişafı üçün qarşılıqlı inam yaranıb. “Bu, Dağlıq Qarabağ məsələsinə, həmçinin regionda təhlükəsizliyin təmininə kömək edə bilər”.
H.Ruhani ümid edir ki, İranın səyləri regionun inkişafına, Xəzər dənizi və onun ətraf mühitinin qorunması və birgə istifadəsinə yönələcək.
Prezident Həsən Ruhani Xəzəryanı ölkələrlə çox yaxşı münasibətdə olduğunu bildirib:
“İran və Xəzəryanı ölkələr arasında əlaqələr nüvə sazişi əldə olunmamışdan öncə də inkişaf etdirilib. Türkmənistan, Qazaxıstan və Azərbaycan prezidentləri İrana səfər ediblər və Rusiya prezidenti ilə görüşümüz olub. Demək olar ki, bütün Xəzəryanı ölkələrə səfər etmişəm və Xəzəryanı ölkə rəhbərlərindən bəzilərinin İrana yeni səfərləri gözlənilir.”