Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla bölgəsinin Bodrum rayonunda miqrantları daşıyan qayıq batıb. İlkin hesablamalara görə, hadisə zamanı 10 nəfər həyatını itirib. Rəsmi məlumatlarda qayığın yunan adalarına doğru hərəkət etdiyi bildirilib. Qayığın hansı səbəbdən batdığı məlum deyil.
Hadisə yerinin yaxınlığından Nilufər Dəmir adlı fotoqrafın çəkdiyi foto bir neçə gündür dünya gündəmini məşğul edib. Belə ki, fotoda qayıqla Türkiyədən Suriyaya qeyri-qanuni yollarla keçmək istəyərkən həlak olanlar içərisindəki kiçik bir uşağın sahilə çıxan cəsədi əks olunub.
Ümumilikdə, isə miqant böhranı bir neçə vaxtdır ki, bütün dünya gündəmini məşğul edir. Məsələ ondadır ki, Qərb Suriyaya “Bəşər Əsədi devirib demokratiya gətirəcəyik” vədi vermişdi. Amma nəticədə nə B.Əsəd getdi, nə demokratiya gəldi, ölkə faktiki olaraq parçalandı, “İslam Dövləti” - İŞİD terror qruplaşması yarandı, minlərlə insan həyatı bahasına Avropaya üz tutdu. Ortaya haqlı sual çıxır; indi bunun günahkarı kimdir? Diqqət çəkən bir məqam da var. Bu da Avropada miqrantlara, qaçqınlara olan münasibətlə bağlıdır. Avropa ölkələri faktiki olaraq özlərininn yaratdıqları problemi həll etməkdə maraqlı görünmürlər.
Novruz Məmmədov: “Ədalətli qiyməti tarix verəcək”
“Avropada miqrantlarla bağlı yaşanan faciənin səbəb və nəticələrinin ədalətli qiymətini zaman-tarix verəcək”.
Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Tvitter” səhifəsində yazıb.
Valentina Matviyenko: “Bu, Qərb dövlətlərinin yürütdüyü məsuliyyətsiz siyasətin nəticəsidir”
Qeyd edək ki, son vaxtlar miqrant böhranı ilə əlaqədar tarixinin ən böyük problemlərindən birini yaşayır. Məsələyə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko da münasibət bildirib. Nyu-Yorkda keçirilən Parlamentlərarası İttifaqın iclasına ünvanladığı müraciətdə bəyan edib ki, bu gün Avropada yaşanan qaçqın və miqrant problem, İŞİD terror qruplaşmasının meydana gəlməsi Qərb dövlətlərinin yürütdüyü məsuliyyətsiz siyasətin nəticəsidir. Onun sözlərinə görə, Qərb digər dövlətlərə açıq şəkildə təzyiq göstərir, sanksiyalar və güc tətbiq edir. Bu səbəbdən dünyanın bir sıra regionları xaosa sürüklənir.
Beynəlxalq və yerli ekspertlər də miqrant problemini böyük dövlətlərin inqilab eksperimenti və təzyiq siyasəti ilə əlaqələndirirlər. “ABŞ, Böyük Britaniya və Fransa miqrant böhranının yaranmasının və İŞİD terror təşkilatının meydana çıxmasının əsas günahkarlarıdır”.
Bunu isə “Polit Ekspress” jurnalının baş redaktoru, beynəlxalq ekspert Markus Papodopulos bildirib. Onun sözlərinə görə, Qərb dövlətləri bir çox ölkələrdə xaos yaratmaqlarına baxmayaraq məsuliyyəti üzərlərinə götürmək istəmirlər. Əksinə, bu siyasətlərini davam etdirirlər.
Elman Nəsirli: “Rəngli inqilablar siyasətinin axırı belə olur”
Dövlət İdarəçilik Akademiyasının professoru, politoloq Elman Nəsirli də bu fikri bölüşdüyünü deyir. “Axı niyə insanlar öz yurd-yuvasını, ata-babasının yaşadığı yerləri tərk edib yad, qərib ölkəyə üz tuturlar? Bunun səbələrini araşdırmaq lazımdır. Bunun səbəbləri isə hər kəsə bəllidir. İlk növbədə bir çox böyük dövlətlər miqrant axının başladığı məntəqələrdə, regionlarda öz geopolitik maraqlarını həyata keçirmək üçün üçün elə bir rəngli inqilablar ixracı siyasətini yürüdüblər ki, onun nəticəsində hazırkı vəziyyət reallaşıb”.
“Avropa bu hadisədən nəticə çıxarmalıdır”
Qeyd edək ki, məsələyə Almaniyanın federal kansleri Angela Merkel də münasibət bildirib. O qeyd edib ki, ölüm halları ilə nəticələnən problemin fövqəladə həddə çatdığını, bu səbəbdən də Avropa İttifaqının müvafiq istiqamətdə vahid qaydaları qəbul etməsinin zəruriliyini qeyd edib. Politoloq Elman Nəsirli Almaniya Daxili İşlər nazirinin miqrantlar üçün Türkiyədə qaçqın şəhərciyinin tikilməsi təklifinə də münasibət bildirib: “Təbii ki, Türkiyə miqrant məsələsinin həllində Avropaya çox böyük köməkliklər göstərib və göstərməyə davam edir. Türkiyə ərazisində məskunlaşmış 2 milyon miqrant da üzünü Avropa istiqamətində çevirsəydi, nələr baş verəcəyini təsəvvür etmək çətin deyil. Bu baxımdan təbii ki, Türkiyənin rolu böyükdür. Ona görə hesab edirəm ki, indiki vəziyyətdə miqrantların qəbulu məsələsində ədalətli bölgü prinsipinə riayət olunmalıdır. Yəni, ölkələr üzrə konkret kvotalar olmalıdır”.
Ekspert bildirib ki, Avropa ölkələri bu humanitar böhrandan nəticə çıxarmalı, gələcəkdə belə halların yaşanmaması üçün miqrasiya dalğasının yaranma səbəbləri və motivləri ilə mübarizə aparmalıdır. Qeyd edək ki, BMT-nin məlumatına görə, bu il Aralıq dənizi vasitəsilə Avropaya sığınmaq istəyən 2500-ə yaxın mühacir ölüb, yaxud itkin düşüb. Bu yolla 2015-ci ildə təxminən 200 min nəfər Yunanıstana, 110 min mühacir isə İtaliyaya gedə bilib.
Səxavət HƏMİD