“Türkiyədə vəziyyət həddən artıq gərginləşib. Təsəvvür edin ki, hər gün terror hadisəsi baş verir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, son vaxtlar Bodrum ətrafına çoxsaylı miqrant axını vəziyyəti daha da gərginləşdirib: “Bunlar əsasən Suriyadan, İraq və Pakistandan olanlardır. Baxmayaraq ki, onlar Türkiyəni tranzit ölkə kimi qəbul edərək Avropaya can atırlar, lakin əməliyyat şəraitinə birbaşa təsir edən əsas amillərdən biridirlər. Böyük şəhərlərdə artıq qaçqın qəsəbələri yaranır, onların daxili tərkibi də qeyri-məlumdur. Bu gün qaçqın kimi gələn şəxslər sabah asanlıqla hansısa terror təşkilatının potensial üzvü kimi fəaliyyətə də başlaya bilər. Bu, istisna deyil. Belə bir vəziyyətdə Türkiyə, doğrudan da, ən çətin günlərini yaşayır. Bu proseslər həm iqtisadi, həm də siyasi vəziyyətə birbaşa təsir edir. Polisin səylərinə baxmayaraq hələ ki, bu problemi tam həll etmək mümkün deyil".
Türkiyədəki erkən seçkilərə toxunan A.Nağıyev deyib ki, parlament seçkilərindən o qədər də uzun zaman keçməyib və elektorat da o qədər dəyişməyib: "Müvəqqəti təyin olunmuş hökumət erkən seçkilərə qədər hökuməti əvəz etməlidir. Bu zaman kəsiyində AKP PKK və İŞİD-lə mübarizəsini daha da intensivləşdirib və bunun bir səbəbi də məhz elektorat qazanmaqdır. Lakin bütün bunlara baxmayaraq, AKP-nin seçkiləri böyük fərqlə udması real görünmür. Koalisiya hakimiyyətinin yaradılması qaçılmaz ola bilər, burada da HDP problem çıxara bilər. Məlumdur ki, Öcalan HDP-ni düzgün addımlar atmamaqda ittiham edib, çünki PKK tərəfindən törədilən hər bir terror hadisəsi məhz onun adına yazılır. HDP-nin terroru dəstəkləməsi də bu narazılığın başındadır. İŞİD-lə mübarizə isə artıq böyük miqyaslı hərbi əməliyyatlara keçib və hətta NATO da Türkiyəyə dəstək verir. Suriya və İŞİD məsələsində NATO Türkiyə ilə bir yerdədir, hətta baxmayaraq ki, Rusiya bunun əleyhinədir, bu baxımdan, ruslarla birgə layihələr də real görünmür və daha doğrusu, hələ ki baş tutmur".
BƏXTİYAR