14 Sentyabr 2015 17:51
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda AAK-ın Avropa Parlamentinin qətnaməsinə dair kəskin narazılığı və böyük narahatlığı ifadə olunur, qətnamənin Azərbaycana qarşı qərəzli və birtərəfli, xüsusilə də “hədələyən barmaq” üslubunda tərtib edildiyi vurğulanır, Azərbaycanın müstəqillik illərində əldə etdiyi yüksək nailiyyətlərin nəzərdən qaçırıldığı bildirilir.

Etiraz bəyanatında Avropa Parlamentinə bir sıra suallar ünvanlanıb: “Necə olur ki, Avropa Parlamenti Azərbaycandakı insan haqları ilə bu dərəcədə maraqlanaraq, bu məsələyə “həssas” və “qayğıkeş” hisslərlə yanaşır, ancaq digər azərbaycanlıların taleyinə biganə qalır? Necə olur ki, Avropada dəfələrlə müzakirə edilən Dağlıq Qarabağ məsələsində Azərbaycan torpaqlarını işğal edən Ermənistana və işğal edilmiş ərazilərdə qurulmuş separatçı rejimə qarşı heç bir sanksiyalar qəbul edilmir? Nədən Xocalı faciəsi nəticəsində öldürülən insanların, öz yurd-yuvalarından didərgin düşmüş insanların hüquqları Avropa Parlamentini narahat etmir?"

Bəyanatda həmçinin bildirilir ki, Ermənistan Avropa Parlamentinin Dağlıq Qarabağa dair qətnamələrini yerinə yetirməyərək işğalı hələ də davam etdirir, onların törətdikləri dəhşətlər hələ də beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini almayıb. “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutmuşlar. Avropa Parlamenti əslində Ermənistan dövlətinə sanksiyalar tətbiq etməli, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə çalışmalıdır„ – deyə, bəyanatda vurğulanır.

AAK hesab edir ki, Avropa Birliyi özü hal-hazırda bir sıra insan hüquqları problemləri qarşısındadır. “Belə ki, Avropa Birliyinin bir sıra ölkələrində bu günə qədər insan hüquqları pozulur, insanlar rasizm və millətçi basqınlara məruz qalırlar. Belə bir halda Avropa Parlamentinin başqa dövlətlərə “dərs keçməyi” qeyri-ciddi və yolverilməzdir. Alman cəmiyyətində belə bir kəlam vardır: “şüşəbənd evdə oturan, daş atmaz”.

Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan demokratik inkişaf yolunda olan bir ölkədir və Avropa bu prosesə yalnız dəstək verə bilər, Azərbaycanın daxili siyasətinə müdaxilə xarakteri daşıyan addımlar yolverilməzdir. AAK Avropa Parlamentini konstruktiv dialoq aparmağa çağırır, Avropa Parlamentindən Azərbaycana qarşı münasibətdə ədalətli mövqe nümayiş etdirməyi tələb edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər