Avropa Parlamentinin 10 sentyabrda Azərbaycana qarşı qərəzli olaraq qəbul etdiyi qətnaməsinin ictimai müzakirəsi davam edir. İctimai-siyasi xadimlər qətnaməni qərəzli və şər-böhtan hesab edirlər.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, parlamentin komitə sədri Eldar İbrahimov hesab edir ki, Avropa Parlamenti ölkəmizə qarşı olan qüvvələrin əsas mərkəzinə çevrilib: “Avropa Parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsinə imza atanlardan soruşmaq lazımdır ki, sizin həqiqətən də insan haqlarının pozulmasına qarşı mübarizə aparmaq niyyətiniz varsa, onda nə üçün 25 ildən çox hüquqları Ermənistan tərəfindən kobudcasına pozulan 1 milyondan çox azərbaycanlının taleyinə biganə qalırsınız? Bu gün müstəqil Azərbaycanımız mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Ölkə parlament seçkilərinə hazırlaşır və belə bir vaxtda suveren dövlətimizin qısa zaman kəsiyində əldə etdiyi uğurları gözü götürməyən qüvvələr fəallaşır. Görünür, ölkəmizin nüfuzunun gündən-günə artması, dünyanın iqtisadi və sosial həyatında özünə layiqli yer tutması anti-Azərbaycan siyasəti yeridən müəyyən dairələri, xüsusilə Avropa Parlamentindəki bəzi nümayəndələri çox narahat edir. Belə olmasaydı onlar hər dəfə respublikamızda böyük beynəlxalq və ölkə əhəmiyyətli tədbirlər ərəfəsi öz məkrli niyyətlərini büruzə verməzdilər. Bu qətnaməni hazırlayanlar, anti-Azərbaycan münasibəti ilə bizə tanış olan eyni simalardır. Bu kəslər kimlərinsə verdiyi 5-10 dollara və erməni lobbisinin həqiqətdən uzaq fikirlərinə aldanaraq heç bir araşdırma aparmadan, geniş və hərtərəfli müzakirələr keçirmədən ölkəmizə çirkab atmaqla məşğuldurlar. Onlar unudurlar ki, Azərbaycan bölgədə daxili sabitliyi ilə seçilən, maliyyə və iqtisadi böhrana məruz qalmayan, vətəndaşlarının maddi-rifah halını ilbəil yaxşılaşdıran bir ölkədir. Qətnamədə ölkəmizi konkret cinayət işi üzrə məsuliyyətə cəlb olunmuş bir neçə nəfərə görə insan haqlarının pozulmasında qınayırlar. Bu qədər qaçqının tələbatını kiçik bir ölkə olan Azərbaycan təkbaşına ödədiyi halda, Qərb öz iqtisadi maraqlarının qurbanı olan Yaxın Şərq miqrantlarının əlində aciz qalıb. Onlara Avropa ölkələrində sığınacaq verilmir. Miqrant sığınacaqları yandırılır, qaçqınlara işgəncələr verilir, hamının gözü qarşısında təhqir olunur, döyülür və müsəlman miqrantların olduqları gəmiləri qəsdən batırırlar. Bəs nəyə görə bu “insan hüquq carçıları” səslərini çıxarmırlar. Onlar 1 milyon qaçqının taleyindən yox, Azərbaycan mentalitetinə uyğun olmayan lezbiyan, homoseksual və bu kimi digər insanların durumundan narahatdırlar. Onlar müstəqil siyasət yeridən Azərbaycanın uğurlarından çox narahatdırlar. Ancaq bu qüvvələr anlasınlar ki, Azərbaycan dövlətçiliyi möhkəm təməllər üzərində qurulub”.
“Həzm edə bilmədikləri Azərbaycandakı xalqla iqtidar arasındakı möhkəm birlikdir”
Millət vəkili Azər Badamov da hesab edir ki, ölkəmizdə keçirilən hər hansı bir dövlət əhəmiyyətli tədbir ərəfəsində Avropa Parlamentində Azərbaycanla bağlı heç bir dəyəri olmayan qətnamələrin qəbulu ənənə halı alıb: “Məqsəd isə ölkəmizin nüfuzuna təsir etmək və öz bəd niyyətlərini ifadə etməkdən ibarətdir. Son qətnamədən də göründüyü kimi, ölkəmizə qarşı qeyd olunmuş iradlar reallıqdan uzaq, həqiqəti əks etdirmir və müəyyən dairələrə xidmət edir. Əslində baxanda Azərbaycan dünyada tolerantlığın carçısı olmaqla söz və internet azadlığına, QHT-lər və siyasi partiyaların sərbəst fəaliyyətinə dövlət dəstəyi ilə yaradılan şəraitinə , sərbəst və azad mətbuatın inkişafına görə nəinki Cənubi Qafqazda, hətta, dünyada öncül yerlərdədir. Amma çox təəssüflər olsun ki, Amerika və Avropada baş verən özbaşınalıqları, mətbuat işçilərinə olan təzyiqləri, islamafobiya və ksenefobiya, milli və dini mənsubiyyətinə görə diskriminasiya hallarını hamımız görürük və belə halların aradan qaldırılması istiqamətində nəinki qətnamələr qəbul etmir, heç müzakirələr də aparılmır. Avropa Parlamenti çox yaxşı olardı ki, erməni vəhşilikləri ilə üzləşərək 20 ildən yuxarı daimi yaşayış yerlərindən didərgin düşmüş 1 milyon soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı bir addım atardı. Onların həzm edə bilmədikləri güclü, inkişaf edən və dünyada öz haqqını tələb edərək ədalətli mövqeyini ortaya qoyan Azərbaycandır. Onların həzm edə bilmədikləri Azərbaycandakı xalqla iqtidar arasındakı möhkəm birlikdir. Onların həzm edə bilmədikləri qarşıdan gələn parlament seçkilərində xalqın sərbəst və demokratik şəraitdə öz seçimlərini edə bilməsidir. Həm də onların həzm edə bilmədikləri Avropanın belə xəyalına gəlməyən bir müsəlman ölkəsində azad, demokratik , inkişaf edən cəmiyyətin olmasıdır”.
“Lezbian, homoseksual, biseksual, transseksual insanların durumundan Avropa Parlamenti olduqca narahatdır”
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib ki, qətnamədə utanmazcasına hazırlanıb: “Avropa Parlamenti bizi təhrik eləyir ki, yumşaqlıq göstərək, Ermənistan xüsusi xidmət orqanları bizlərdən kimlərinsə saqqızını oğurlasa, mane olmayaq, imkan verək ki, gedib arxayınca casusluqlarını eləsinlər, vətənimizin, xalqımızın əleyhinə işləsinlər. Qətnamənin 12-ci maddəsini yaxşı oxusun millətimiz, görün bunlar bizi hara çəkir, bu dövlətdən, bu xalqdan nə istəyir: Azərbaycanda lezbian, homoseksual, biseksual, transseksual insanların durumundan Avropa Parlamenti olduqca narahatdır. Axı Avropa Parlamentinin rəhbərinin özü də onlardandır. Çünki artıq tədricən özlərində həyat normasına çevrilmiş bu anormallıqları Azərbaycana ixrac etməklə mənəviyyatı, milli əxlaqı həmin virusa yoluxdurmaq, özləri rəngdə olanları buralarda da artırmaq onların xəbis niyyətləri cərgəsindədir. Dəyərli vətəndaşlarımız, oxuyub feyziyab olun Avropa Parlamentinin qətnaməsini. Onlar bizi bu yollarla xoşbəxt etmək istəyirlər. Kimi görsəniz ki həmin qətnaməni çox tərifləyir, çox təqdir edir, onlara bu axırıncı maddənin işığında sınayıcı nəzər salın". Akademikin fikrincə, Avropa Parlamentinin digər bir məkri də bizi haqqımızda söylənən iftiralara cavab vermək, yalançıları, saxtakarları rüsvay etmək imkanından məhrum qoymaq təşəbbüsüdür: “Çalışırlar elə məhdudiyyətlər yaradılsın ki, bizə viza verilməsin, xaricdə keçirilən siyasi tədbirlərdə iştirak edə bilməyək. Ortada onlar özləri olsun, yanlarında ermənilər. Bəli, Avropa Parlamenti bu qətnaməsi ilə Azərbaycanı miskinləşdirərək hansı biçimdə görmək istədiyi haqda ürəyindən keçən nə varsa hamısını açıb-töküb”.
Cavidan