18 Sentyabr 2015 16:59
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin 15 sentyabr tarixli qərarı ilə 117 seçki dairəsindən namizədliyi irəli sürülən hər bir namizəd üçün partiyanın hazırladığı sənədlər partiyanın səlahiyyətli nümayəndələri tərəfindən dairə seçki komissiyalarına təqdim edilib”.

Bunu Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, bu günə 117 namizədin 117-nin də sənədləri dairə seçki komissiyalarına təqdim olunub: “Dairə seçki komissiyaları bu sənədləri qəbul edib, doğruluğunu yoxlayıb və 116 dairədə YAP-ın namizədlərinə imza vərəqələri verib. 1 nəfərin isə sənədləri araşdırılır. Hazırda YAP-ın yerlərdə imzatoplama kampaniyası başlayıb. Biz əvvəl də qeyd etmişdik ki, hər bir dairə üzrə bizim 10 nəfər fəal, müxtəlif treyninqlər keçmiş və imza toplamaq üçün qanunvericiliyin tələblərin öyrənmiş üzvümüz təyin edilib. Yerlərdən məlumatlar daxil olub ki, imzaların böyük əksəriyyəti, demək olar ki, toplanılıb və hazırda iş davam etdirilir”.

Millət vəkili YAP-ın bəzi üzvlərinin adlarının namizəd siyahısına düşmədiyinə görə inciməsi və partiyadan kənar namizədliklərini irəli sürən üzvlərə qarşı tədbirlərin görülməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib.

O bildirib ki, YAP-ın 700 minə yaxın üzvü var: “Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu seçkilərdə namizədliyini irəli sürüb iştirak etməyə layiq olan insanlardır. Hər bir dairədən onlarla namizəd ola biləcək insanlar var və biz onları çox yüksək qiymətləndiririk. Bu insanların xidmətləri var, onların içərisində partiyanın yaradıcıları, “91-lər”, yeni nəslin nümayəndələri, orta nəslin nümayəndələri var. Yəni onların hər biri layiqli, dövlətə, dövlətçiliyə, xalqa, prezidentə sədaqətli insanlardır. Lakin təəssüflər olsun ki, parlamentdə yerlərin sayı 125-dir. Namizəd qıtlığından əziyyət çəkən digər partiyalardan fərqli olaraq, YAP namizəd bolluğundan əziyyət çəkir. Bu baxımdan da YAP hər şeyi ölçüb-biçərək, hər bir məsələni nəzərə alaraq 117 nəfərin namizədliyini irəli sürüb”.

S.Novruzov qeyd edib ki, seçmək və seçilmək hər bir vətəndaşın konstitusion hüququdur və hər kəs də qanunvericiliyə uyğun olaraq öz namizədliyini irəli sürə bilər: “Lakin YAP o dairədən namizəd irəli sürübsə, YAP-ın hər hansı bir üzvü öz partiya yoldaşına alternativlik yaratmaq fikrindədirsə, partiyanın qərarı olmadan namizədliyini irəli sürmək istəyirsə və yaxud sürürsə, bu, artıq partiyanın siyasətinə, partiyanın seçki ilə bağlı apardığı işə ziddir. Yəni partiyaya daxil olanda, partiyanın nizamnaməsini qəbul edəndə hər kəs partiyanın işində fəal iştirak etməsi barədə fikirlərini bildirib. Belə olan halda əgər hər hansı bir üzv partiya tərəfindən irəli sürülən namizədə maneçilik törədirsə, alternativlik yaradırsa, o, partiyanın digər üzvləri ilə birgə addımlaya bilməz və onun haqqında partiya qərar qəbul edəcək. Yenə deyirəm, fərdi vətəndaş kimi hər kəs istədiyi məsələni həll edə bilər, amma partiya üzvü olaraq hər hansı bir alternativlik yaratmaq məqsədi güdürsə, bu, partiyanın qərarına qarşı çıxmaq deməkdir”.


Müəllif:

Oxşar xəbərlər