“İnsanın özündən razı olması, pis xüsusiyyətdir”
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində müxalif cameədəki partiya sədrləri arasında güclü mübarizənin gedəcəyi dairələrdən biri 35 saylı Xətai üçüncü seçki dairəsidir.
Bu dairədə 3 dəfə deputat seçilən Ümid Partiyasının sədri İqbal Ağazadə ilk dəfə olaraq Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə üz-üzə gələcək.
İ.Ağazadə özü üçün sürpriz isim olan Araz Əlizadəni çox ciddiyə aldığını deyib. A.Əlizadə bildirib ki, rəhbərlik etdiyi Azərbaycan Sosial Demokrat Partiyası Xətai rayonunda çox güclü olduğundan, bu rayonda yaşayan insanların təkidi ilə 35 saylı dairədən namizəd olub: “Düşünürdüm ki, prezident seçkilərində İqbal Ağazadə nə isə yeni bir şey deyəcək. O isə dəqiqəbaşı yorğan-döşəkdən danışırdı. Çıxışını dəyişilməyə yönəltmişdi, deyirdi ki, “dəyişək, dəyişək”. Dəyişək sözünü tez-tez deyəndə də çevrilir olur yorğan-döşək. Siyasətçi dəyişiklik təklifi edəndə nə iş görəcəyini, bunu hansı yollarla edəcəyini də deməli və seçicini düşündürməlidir. “Hər şey dəyişsin, sonra baxarıq” prinsipi 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə olmuşdu. Nəticəsi də çox acınacaqlı idi. Bir sözlə, parlamentdə boşboğazlıqla yox, qanunvericiliklə məşğul olmaq niyyətindəyəm. Zənnimcə, bir insan 12 il deputatdırsa, bu dövrdə istədiyi qanunların qəbul olunmasına çalışa bilərdi. Millət vəkilinin işi qanunvericiliklə məşğul olmaqdan ibarətdir. O, nə asfalt salmalı, nə də uşaq meydançası tikməlidir. Xalqa lazım olan qanunların qəbulunda iştirak etməlidir. Bir insan 12 il ərzində qanun layihəsi təşəbbüsü ilə çıxış etməyibsə, daha 5 il müddətində parlamentə getməyinin heç bir mənası yoxdur. Qoy, başqaları gəlib iş görsün”.
O, İqbal Ağazadənin “Hesab edirəm ki, Araz Əlizadə namizədlərdən biridir, amma mən olmasaydım” fikrini şərh edib: “İqbal Ağazadə çox ciddi rəqibdir. Düşünürəm ki, mədəni və yaxşı siyasi mübarizəmiz gedəcək. İnsanın özündən razı olması, pis xüsusiyyətdir, qoy, İqbal Ağazadə özündən razı olsun. Heç kəs indidən nəticəni bilmir, əgər o, nəticəni indidən bilirsə, ona ancaq şad ola bilərik. Lakin mənə elə gəlir ki, mübarizə qabaqdadır, kim xalqın hörmətini qazana biləcəksə, o da qalib gələcək”.
5 namizədlə seçkiyə qatıldıqlarını deyən A.Əlizadə əlavə edib ki, rəhbərlik etdiyi partiyanın maliyyə çətinlikləri var: “Namizədlərimiz özləri-özlərini maliyyələşdirəcək. Qapı-qapı gəzib mümkün qədər çox seçici ilə şəxsən görüşmək niyyətindəyik. Onlara parlamentə niyə getdiyimi başa salıb, seçicilərin rəğbətini qazanmağa çalışacağıq”.
“Onlar qeyri-legitim mübarizə yolu seçirlər”
ASDP sədri seçkini boykot taktikasını da şərh edib: “Hər hansı siyasi qurum və partiyalar Azərbaycan Konstitusiyasına uyğun fəaliyyət göstərməlidir. Milli Şura, yaxud hansı birlik olur-olsun, onların bir məqsədi var: hakimiyyət uğrunda mübarizədir. Konstitusiyada göstərilir ki, hakimiyyət uğrunda mübarizənin yeganə legitim yolu seçkilərdir. Əgər bu insanlar seçkidən imtina edirsə, bu, o deməkdir ki, onlar qeyri-legitim mübarizə yolu seçirlər”.
“Şults korrupsioner axtarırsa, heç olmasa bir dəfə güzgüyə baxsın”
A.Əlizadə Avropa Parlamentinin son qətnaməsinə də münasibətini açıqlayıb: “Bu qətnaməni əvvəlki qətnamələr kimi kağız parçası hesab edirəm. O kağıza heyfim gəlir ki, onun üzündə belə bir qətnamə çap olunub. Bir tərəfdən deyirlər ki, meşələri qorumaq lazımdır. Digər tərəfdən isə meşələri qırıb, gözəl kağız çap edirlər, üzərində isə mənasız qətnamələr qəbul edirlər. Bu, Azərbaycana qarşı ikili standartlara söykənən qətnamədir. Avropa Parlamentinin özünün çox işləri var, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Korrupsiyaya qarşı mübarizə aparmaq istəyirlərsə, buyurub Angela Merkel, Fransua Ollanda qarşı mübarizə aparsınlar. Avropa Parlamentinin sədri Sosialistlər fraksiyasının lideri alman Martin Şultsdur. Mən 3 il bundan əvvəl “Sosintern”in konqresi keçiriləndə almanların korrupsiyaya qurşandığının şahidi oldum. Onlar İsveçdən olan bir xanımı baş katib seçmək istəyirdilər. Alman sosial-demokratı Şultsun rəhbərliyi ilə nümayəndələrə pul təklif edib, hədə-qorxu gəlirdilər. Bu, korrupsionerin bariz nümunəsidir. Əgər Şults korrupsioner axtarırsa, heç olmasa bir dəfə güzgüyə baxsın”.
Nərgiz