Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Osman Qeysər Tovuz rayonuna səfər edib.
Diplomatın rayona səfəri icra hakimiyyətində görüşlə başlayıb. Söhbət zamanı səfirə Tovuzun iqtisadi və turizm potensialı barədə ətraflı məlumat verilib.
Pakistanlı qonağa səfərdən xatirə olaraq saz hədiyyə edilib.
Tovuza ilk dəfə səfər etdiyini bildirən səfir Pakistan və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Sonra diplomat şəhidlər xiyabanı ziyarət edib, Tovuzun tez-tez atəşə məruz qalan Ağdam və Hacallı kəndlərində olub. Səfirə erməni silahlılarının sakinlərin normal həyatını pozduğu, kənd orta məktəbini mütəmadi atəşə tutduğu barədə məlumat verilib.
Daha sonra rayon rəhbərliyi ilə birgə Tovuzun girişində yerləşən Qala abidə kompleksinə baxış keçirilib. Pakistanlı diplomat Azərbaycanın tarıxı, qədim abidələri barədə məlumatlandırılıb.
Jurnalistlərin suallarını cavablandıran Xalid Osman Qeysər ailə üzvləri ilə birgə Tovuza ilk səfərindən məmnun olduğunu bildirib. Səfir deyib: Mən bu gün ön cəbhə xəttinə də getdim. Oradakı vəziyyətlə yerində tanış oldum. Regionla bağlı çox geniş məlumat əldə etdim.
Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini vurğulayan Xalid Osman Qeysər, eyni zamanda, ölkəsinə Kəşmir məsələsində göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdar olduğunu bildirib.