28 Sentyabr 2015 18:47
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Bu ölkənin təcavüzkar siyasəti bütün regionu yeni fəlakətlər astanasında qoyur”

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu qeyd ediblər. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstək yüksək qiymətləndirilib və iki ölkə arasında nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu bildirilib.

Azərbaycanın BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində keçirilən Davamlı İnkişaf Məqsədləri üzrə Zirvə toplantısının işində fəal iştirakı, Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri xüsusilə qeyd olunaraq, ölkəmizin uğurlu siyasi, iqtisadi və sosial inkişaf modelinin Əfqanıstan üçün maraqlı bir nümunə olduğu bildirilib.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək, bu layihələrin bütün region boyunca BMT tərəfindən müəyyən edilən davamlı inkişaf hədəflərinə, regional əməkdaşlığa xidmət etdiyini və regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini diqqətə çatdırıb. Bakı-Tbilisi-Qars layihəsinin tezliklə fəaliyyətə başlayacağını qeyd edən nazir bu nəqliyyat infrastrukturunun yük daşımalarının, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların artmasına xidmət edəcəyini və gələcək perspektivdə regional nəqliyyat qovşağı vasitəsilə Əfqanıstanın da onun imkanlarından istifadə edə biləcəyini deyib.

S.Rəbbani ölkəsinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəmərinin təməl qoyma mərasimin bu ilin sonunda həyata keçirilməsinin nəzərdə tutulduğu və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu xəttinin tikintisinin davam etdiyi barəsində məlumat verərək, davamlı regional inkişaf baxımdan nəqliyyat infrastrukturlarının əhəmiyyətini qeyd edib.
E.Məmmədyarov bir-birini tamamlayan və regional nəqliyyat qovşağının yaranmasına xidmət edən bu layihələrin həyata keçirilməsi ilə əlaqədar sərhəd tənzimlənməsi, təhlükəsizliyin təminatı, yolların tikintisi və sair bu kimi məsələlərin müzakirəsinin mühüm olduğunu qeyd edərək, bu məqsədlə region dövlətlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
E.Məmmədyarovun Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşündə isə portuqaliyalı nazir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib. O, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.

Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyi və eləcə də potensial sərmayə imkanları haqqında məlumat verən E.Məmmədyarov uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın qısa müddət ərzində davamlı siyasi, iqtisadi və sosial inkişafa nail olduğunu bildirib. Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinin qısa müddət ərzində həyata keçirilməsi üzrə təcrübəsinin BMT-nin müvafiq strukturları tərəfindən nümunəvi hal kimi təqdir olunduğunu deyən nazir dünyada özünü biruzə verən iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etdiyini və bu il yüksək iqtisadi artım tempinin qeydə alındığını vurğulayıb.

Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qətnamənin qəbuledilməz və qərəzli olduğunu deyən nazir bu qurumda təmsil olunan bəzi qüvvələrin məqsədyönlü şəkildə anti-Azərbaycan və İslamafobiya meylli siyasət yürütdüklərini söyləyib.

Daha sonra miqrasiya və beynəlxlaq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Portuqaliyalı nazir miqrantlarının qəbulunun, xüsusilə onların cəmiyyətə inteqrasiya edilməsi, təhsil və səhiyyə kimi əsas ehtiyaclarının təminatının problemli məsələ olduğunu nəzərə çatdırıb.

E.Məmmədyarov bu problemlərlə mübarizənin əsas yollarından birinin multikulturalizmin təşviq edilməsi olduğunu qeyd edib və Azərbaycanın bu sahədə mövcud müsbət təcrübəsi barəsində məlumat verib.

Görüş zamanı E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə danışaraq, Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını nəzərə çatdırıb. Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astansında qoyduğunu qedən nazir əlavə etdi ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Niderland Krallığının xarici işlər naziri Bert Koenders ilə görüşdə E.Məmmədyarov Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnaməsinin qərəzli və qəbuledilməz olduğunu, anti-Azərbaycan və İslamafobiya meylli xarakter daşıdığını, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurduğunu nəzərə çatdırıb.

B.Koenders 2016-cı ilin birinci yarısından etibarən ölkəsinin Avropa İttifaqına sədrlik edəcəyini qeyd edərək, Niderlandın Azərbaycan ilə əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Nazir güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal və təcavüzə əsaslanan status kvonu davam etdirmək siyasəti barəsində məlumat verib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnamələrinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə miqrasiya, radikalizm və ksenofobiya meylləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. E.Məmmədyarov artan İslamafobiya və ksenofobiya meyllərinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanın zəngin və nümunəvi multikulturalizm ənənələri haqqında məlumat verərək, ölkəmizin təcrübəsində bu konsepsiyanın uğurlu model kimi özünü təsbit etdiyini diqqətə çatdırdı.

E.Məmmədyarovun daha bir görüşü Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias ilə keçirilib. Görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

Yunanıstanlı nazir Azərbaycan və Yunanistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahədə geniş imkanların mövcudluğunu qeyd edib. İki ölkə arasında rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan yunanıstanlı nazir siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətini bildirib.

Görüşdə həmçinin, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu vurğulayıb.

Daha sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər