29 Sentyabr 2015 15:03
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimlinin rəhbərlik etdiyi qanadı ötən gün qurultay keçirib. Qurultayda səsvermə açıq şəkildə keçirildiyi üçün Əli Kərimlinin opponenti, sədrliyə namizəd Sahib Kərimli namizədliyini geri götürüb. Beləliklə, Əli Kərimli alternativsiz və açıq səsvermədə yenidən sədr seçilib.

AXCP İdarə Heyətinin üzvü Sahib Kərimli qurultayda çıxış edərək sədrin məruzəsini qənaətbəxş hesab etmədiyini deyib: “Çünki biz illərlə mübarizə aparsaq da, hakimiyyətə gələ bilməmişik. Biz AXCP olaraq cəmiyyətə kadr təqdim edə bilmirik. Mənim mübarizəmə kölgə salmaq istədilər. Heç bir xəyanətdən söhbət gedə bilməz. Məni söyənlərə haqqımı halal edirəm. Gizli səsvermə keçirməliyik. Açıq səsvermə qurultay nümayəndələrinin iradəsinə müdaxilədir”.

Qurultay nümayəndələri S.Kərimlinin çıxışına etiraz edərək, yerdən replikalar atıblar.

S.Kərimli səsvermənin gizli keçirilmədiyini əsas gətirərək, partiya sədrliyinə namizədliyini geri götürüb.

“Əli Kərimli qurultaya muzdlu insanlar gətirib”

Qurultay keçirilən zaman yetərsay olmadığı üçün Əli Kərimlinin muzdlu insanlar gətirdiyi iddia olunub. Partiyanın Nərimanov rayon şöbəsinin keçmiş sədri Ağaşirin Tanrıverdioğlu deyib ki, AXCP-nin Əli Kərimli qanadı qurultayın yetərsayını təmin edə bilmədiyi üçün muzdlu insanlar gətirib: “Gətirilən muzdlu insanlar üçün ödəniləcək maliyyə xərcini Fuad Qəhrəmanlı öz üzərinə götürüb. Əli Kərimli çalışırdı ki, rəqibləri məsələdən xəbər tutmasınlar”.

AXCP Müsavatı saymadı

Qurultayda yalnız Milli Şura üzvləri iştirak edib. Müsavat, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və digər partiyalara dəvət göndərilməyib.
Yada salaq ki, ötən il Müsavat öz qurultayına müxalif cameədəki aparıcı partiyaları dəvət etmişdi. AXCP də dəvətlilər sırasında olsa da, Əli Kərimli və digər funksionerlər Müsavatın qurultayına qatılmamışdı.

“Söz vermək belə istəmirdilər”

S.Kərimli qurultaydan sonra sosial şəbəkədə sədrliyə namizədliyini geri çəkməsinə aydınlıq gətirib: “Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, israrla söz ala bildim. Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi, amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə, namizədliyimi geri götürdüm. Gizli səsvermə ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir. Mən, Əli Kərimliyə 2018-ci ilin prezident seçkilərində uğurlar arzu etdim. Həmçinin qeyd etdim ki, 2018 - ci ildə siz artıq, 18 ilin partiya sədri olaraq, 4 prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam”.

“Bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür”

S.Kərimli AXCP-nin heç bir seçkili orqanında təmsil olunmayacağını bəyan edib: “Partiyanın sıravi üzvü kimi qalacağam, bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür. Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam”.
Bu arada narazı üzvlərin yaratdığı AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi (EQTK) Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb ediblər. Əks təqdirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Yeni AXCP tərəfdarlarının fikrincə, Sahib Kərimli Əli Kərimlinin planı üzrə hərəkət edib, məhz onun təklifi ilə seçkiöncəsi demokratik mühit yaratmaq məqsədilə belə bir addım atıb.

“Əli Kərimlinin istefa verməsi partiyadakı avtoritarizmi aradan qaldıra bilərdi”

AXCP Etimad Qurultayı Təşkilat Komitəsi Əli Kərimlinin rəhbərlik etdiyi qrupun keçirdiyi qurultayla bağlı bəyanat da verib. Bəyanatda deyilir: “AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi kəsimin qurultayı AXCP-nin yenidən ikiyə bölünməsi faktını rəsmiləşdirdi və bu hərəkət ölkənin siyasi həyatında iki AXCP-nin fəaliyyətinə şərait yaratmış oldu. Biz dəfələrlə Əli Kərimli və onun rəhbərlik etdiyi dəstəyə təklif etdik ki, vəziyyətdən çıxış yolu Əli Kərimlinin sədrlikdən istefa verməsi və birgə qurultayın keçirilməsidir. Təəssüf ki, Əli Kərimli və onun məhdud dairəsi bu təklif və tələbələrə əməl etmədi. Bununla da, AXCP-nin rəsmən parçalanmasının əsasını qoydu. Qeyd edək ki, Əli Kərimli heç zaman bu kimi əməllərindən çəkinməyib və destruktiv fəaliyyəti ilə AXCP-nin zəifləməsinin əsas təşkilatçısı, parçalanmasının rəhbəri olub. Əli Kərimli öz fəaliyyəti ilə yalnız AXCP-nin zəifləməsinə və siyasi səhnədən getməsinə xidmət edib. Dəfələrlə bəyan etmişdik ki, AXCP-nin xilas yolu Əli Kərimlinin sədrlikdən istefa verməsi, partiyadaxili demokratik seçki keçirilməsi və partiyada yaranmış avtoritarizmin aradan qaldırılmasıdır. Lakin onlar bu yolu qəbul etmədilər və partiyanın parçalanmasını rəsmiləşdirdilər. O, sədrlikdən getsə idi, lider ola bilərdi, bəlkə vahid namizəd olardı, bəlkə də onu daha uca bir yerdə otuzdurmaq üçün mücadilə edəcəkdik. Biz mübarizəmizdə səmimi idik. Təkliflərimizi də verdik. Amma, görünür ki, alınmadı. Əli Kərimli Lalə Şövkət Hacıyeva, Etibar Məmmədov və İsa Qəmbər nümunəsi göstərə bilmədi. Onların AXCP adından keçirdiyi qurultayda hansı oyunların qurulmasından asılı olmayaraq (alternativli seçki şousu və s. ) proses dərinləşib. Əli Kərimlinin bu addımı bütünlükdə müxalifətin əleyhinə işləməklə yanaşı, siyasi spektri seçim qarşısında qoyub. Bu da müxalifətin birliyinə əngəldir. Əli Kərimli və dəstəsi imkan vermədi ki, müxalifət daxili çəkişmələrdən azad olsun və mübarizə sistemini formalaşdırsın”.

Ədliyyə Nazirliyinə Əli Kərimlidən şikayət olunacaq

Vurğulanıb ki, hazırda AXCP iki quruma parçalanmış durumdadır: “Rayon təşkilatları Əli Kərimlidən üz çevirib və fəaliyyətlərini AXCP EQTK-da davam etdirirlər. Partiyanın mövcud 76 rayon şöbəsinin 40-ı AXCP EQTK-nın legitimliyini tanıyır. Əli Kərimlinin ətrafında hazırda 36 rayon təşkilatı mövcuddur. Belə olan halda Əli Kərimli AXCP adından hər hansı qurultay keçirmək səlahiyyətini itirmiş sayılır. Ona görə də AXCP EQTK olaraq bəyan edirik ki, Əli Kərimlinin AXCP adından keçirdiyi qurultay legitim deyil və bu adamlar AXCP-ni təmsil etmirlər. Onların AXCP adından çıxış etmək səlahiyyətləri bitib. Partiyanın Nizamnaməsi kobud şəkildə pozulub və bir ildən artıq müddətdə Əli Kərimli qeyri-qanuni olaraq özünü AXCP sədri kimi təqdim edib. Çünki AXCP-nin Nizamnaməsinə görə, partiyanın qurultayı 4 ildən bir keçirilməlidir və Nizamnaməyə görə qurultay 2014-cü ilin sentyabr ayında keçirilməli idi. Lakin Əli Kərimli partiyanın Nizamnaməsini pozub. İkincisi, partiya faktiki olaraq 19 avqust 2015-ci ildə parçalanıb və 76 rayon şöbəsindən 40-ı AXCP EQTK-da fəaliyyət göstərir. Belə bir vəziyyətdə Əli Kərimlinin AXCP adından çıxış etmək, AXCP-ni təmsil etmək və AXCP adından qurultay keçirmək səlahiyyətləri yoxdur və partiya adından keçirilməsi nəzərə tutlan qurultay legitim deyildir. Təbii ki, Əli Kərimli və tərəfdarlarının bu hərəkəti hüquqi araşdırmaya yol açır. AXCP EQTK olaraq Ədliyyə Nazirliyinə hüquqi təmsilçiliklə bağlı müraciət də hazırlanır və təqdim ediləcəkdir. İnanırıq ki, AXCP adından saxtalkarlıqla fəaliyyət göstərilməsinin hüquqi yollarla qarşısı alınacaq və partiya adından yalnız AXCP EQTK çıxış edəcək”.

Yeni AXCP qurultay qərarı verdi

AXCP EQTK özünün qurultayını keçirməyi qərarlaşdırıb. Qurultayın oktyabrın 18-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilməsi qərara alınıb.
AXCP-nin digər qanadı bəyan edib ki, iki qurultayın keçirilməsinin qarşısını almağa çalışsalar da, buna nail olmayıblar: “Bunun üçün Əli Kərimli heç nə etmədi. Biz çox dedik, amma siyasi ambisiya və partiya daxili diktatura, bütləşmə, şəxsiyyətə pərəstiş və demokratiya azlığı Əli Kərimlinin timsalında buna imkan vermədi. Daha nə edək, biz də qurultayımıza hazırlaşırıq. Hazırlıqlar yüksək səviyyədə davam edir. AXCP Etimad Qurultayı Təşkilat Komitəsində artıq 20-dən çox rayon konfransı yekunlaşıb. Sentyabrın sonuna kimi 30-dan çox rayonda tam təşkilatlanma və qurultaya hazırlıq işləri başa çatdırılacaq”.
YAP da qurultaya dəvət ediləcək

Onlar Əli Kərimlinin rəhbərlik etdiyi kəsimdən fərqli olaraq hakim Yeni Azərbaycan Partiyası başda olmaqla ölkədə fəaliyyətdə olan bütün partiya rəsmilərini qurultaylarına çağıracaqlarını bildiriblər.

NƏRGİZ


Müəllif: