“Sosial şəbəkələr sahibsiz pişiyi xatırladır. İstənilən vaxt istənilən evə daxil ola bilir”.
Publika.az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə.Hədsənov deyib ki, sosial şəbəkələrə müdaxilə etmək çətin prosesdir: “Çünki sosial şəbəkə sahibsiz pişikdir. Bununla yanaşı, blogerləri də jurnalist saymaq olmaz. Bloger sosial şəbəkələrdə nə isə məşğul olursa, bu jurnalistika fəaliyyəti sayılmır. Jurnalist odur ki, o Mətbuat Şurasının üzvüdür, üzərində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş media orqanının vəsiqəsini gəzdirir və sairə. Sosial şəbəkə ilə internet medianı fərqləndirmək lazımdır. Sosial şəbəkədən fərqli olaraq, internet media Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyibsə belə, onun gələcəkdə bu cür məqsədləri ola bilir”.
Ə.Həsənov sosial şəbəkələrdə bəzi nazirlərin və digər dövlət rəsmilərinin adına saxta profillərin yaradılması məsələsinə də toxunub: “Bu gün Azərbaycanda bir neçə nazirlərin adına saxta profillər yaradılır. Buna nəzarət etmək mümkün olmur. Ona görə də internetə müdaxilə hələ ki, heç kəsə müyəssər olmayıb. Biz də bunu etməmişik və etmək fikrimiz də yoxdur”.