“Bu, Cəmil Həsənlinin seçkilərin üzərinə kölgə salmaq cəhdidir”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Qeyd edək ki, Milli Şura sədri Cəmil Həsənli 125 dairə üzrə kimin deputat seçiləcəyini açıqlayıb və iddia edib ki, həmin şəxslərin seçilməsi əvvəldən həll olunub.
YAP rəsmisi isə qeyd edib ki, Cəmil Həsənli indidən münəccimlik etmək istəyir: “Azərbaycanda seçkilər ədalətli, demokratik və şəffaf keçirilir. Seçki fəlsəfəsinə görə, həmişə güclü namizədlər qalib gəlir. İstənilən ölkədə keçirilən seçki sorğularında bu belədir. Bəzən hər sorğuda bir nəticə ortaya çıxır. Bu, demokratiyanın formalarından biridir. Sadəcə olaraq, Cəmil Həsənli seçkilərin üzərinə kölgə salmaq istəyir”.
S. Novruzov qeyd edib ki, C. Həsənli deputat olanda onun da adını belə siyahılara salırdılar: “Onun özü də gözəl bilir ki, Azərbaycanda keçirilən seçkilərdə hər hansı qanun pozuntusu olmur. Təbii ki, güclü namizəd qalib gələcək. Cəmil Həsənli də güclü namizədlərin adını yazmaqla münəccimlik eləmək istəyir, özünü ağıllı göstərir”.
S. Novruzov əlavə edib ki, seçkilərin taleyini Azərbaycan seçicisi müəyyənləşdirir.