9 Oktyabr 2015 15:19
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının yerləşdiyi qərargahın gözətçisi Zahir Beydulla işdən çıxarılıb və əmək haqqının qalan hissəsini ala bilməyib.

Bu barədə məlumatı Cebhe.info-ya Zahir Beydulla özü verib. Onun sözlərinə görə, 2011-ci ildən etibarən Müsavat Partiyasının qərargahında gözətçi işləyib: “İlk vaxtlar ayda 230 manat maaş alırdım. Lakin bir müddətdən sonra mənə dedilər ki, maddi imkan zəifdir. Ona görə maaşımı 150 manata qədər endirdilər. Mən də buna razılaşdım. Hətta maaşımı bəzən kəsirdilər. Narazılıq etmirdim. Lakin son vaxtlar açarı mənim əlimdən aldılar və qərargaha başqa komendant təyin etdilər. Yanvar ayından indiyə qədər olan maaşımı da vermirlər. Gülağa Aslanlıya müraciət etdim. O isə deyir ki, sən müqavilə əsasında deyil, ictimai əsaslarla işləmisən.

Məni Müsavat Partiyasında hər kəs tanıyır və hamının işinə yarımışam. Üç-dörd gün bundan əvvəl isə işdən çıxarıldım. Mən bununla bağlı partiyanın rəhbərliyinə ərizə ilə müraciət etmişəm və bunların hamısını orada göstərmişəm”. Zahir Beydulla iddia edir ki, o, Müsavat Partiyasının VIII qurultayında başqanlığa namizəd Qubad İbadoğlunun tərəfdarı olduğuna görə təzyiqlərə məruz qalaraq işdən çıxarılıb.

Ona görə də partiya rəhbərliyinə müraciətinin heç bir faydası olmayıb: “Mən qurultayda Qubad İbadoğluna səs vermişəm. Amma indi Arif bəyin də başqanlığını qəbul edirəm. İşləyək də, nə olar? Bunlar da Qubad bəyin tərəfdarı olduğuma görə məni oradan uzaqlaşdırdılar. Yanvar ayından bəri qalan maaşımı, yəni 2800 manat verməlidirlər. Mənim pulumu vermirlər, ancaq yeni gələn komendant vaxtlı-vaxtında maaşını alır”. Məsələ ilə bağlı Cebhe.info əməkdaşı Gülağa Aslanlı ilə əlaqə yaratsa da, o, iclasda olduğunu deyərək məsələyə münasibət bildirməyib.


Müəllif:

Oxşar xəbərlər