Parlament seçkilərində 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə iddia edir ki, onun səlahiyyətli nümayəndəsi Günel Babayevaya hədə-qorxu gəlinir.
Publika.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 7-də G.Babayeva evlərinə gedərkən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Ülvi Seyidəli oğlu Əliyev və 1992-ci il təvəllüdlü Vüsal Rasim oğlu Muradov “Daimlerchreysler” markalı, 50 BZ 661 nömrəli avtomobildə onu izləyiblər. Məsələ ilə bağlı polisə müraciət edilib. Hazırda Xətai rayon polis idarəsinin 35-ci polis şöbəsində tədqiqat-araşdırma aparılır.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən ASDP sədri Araz Əlizadə bildirib ki, onun səlahiyyətli nümayəndəsini 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə izlətdirir:
“Günel Babayevanı izləyən şəxslər onun evinə gələrək anası Sevinc xanıma qızının onlarla getməli olduğunu deyiblər. Lakin Sevinc xanım qapını açmayıb. Gələn adamlar tələblərinin yerinə yetirilmədiyini görəndən sonra çıxıb gediblər. Günel xanımın anası avtomobilin nömrəsini götürə bilib və polisə müraciət ediblər. Polis həmin şəxsləri artıq saxlayıb”.
A.Əlizadə qeyd edib ki, gələn şəxslər İqbal Ağazadənin qardaşı İlqar Ağazadəyə məxsus beton zavodunun işçiləri olub: “Polisin araşdırmasından sonra məlum olub ki, həmin şəxsləri İqbal Ağazadənin qardaşı göndərib. Guya iddia edirlər ki, Günel xanımın vasitəsilə mənim seçki qərargahıma daxil olaraq qanun pozuntusuna yol verib-vermədiyimi öyrənmək istəyirmişlər. Lakin mən buna inanmıram. İqbal Ağazadənin məqsədi Günel Babayevanı susdurmaq olub. Çünki mənim səlahiyyətli nümayəndəm, İqbal Ağazadədən seçki prosesinin pozulması haqda şikayət etmişdi. Oktyabrın 5-də şikayətə baxıldı və İqbal Ağazadəyə xəbərdarlıq edildi. İqbal Ağazadə də adamlarını Günel xanımın üstünə göndərərək onu qorxutmaq istəyib. Biz məsələnin üzərinə gedəcəyik və prokurorluğa şikayət edəcəyik”.