Avropa Şurasının təşkilatçılığı ilə qurumun Strasburq şəhərindəki mərkəzi ofisində ifadə azadlığı məsələlərinə həsr edilmiş konfrans keçirilib.
Konfransa qatılmış Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli teleqraf.com-a bildirib ki, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, müstəqil KİV və QHT-lərin təmsilçilərindən ibarət olan Azərbaycan nümayəndələri müzakirələrin gedişində aktiv iştirak edib.
13-15 oktyabr tarixlərində “İfadə azadlığı demokratiyanın şərtidir” başlığı ilə keçirilən konfransa BMT, Avropa Birliyi, Avropa Komissiyası, Avropa Şurasının təmsilçiləri ilə yanaşı “Facebook” koordinatorları, transmilli KİV-lərin yönəldiciləri də qatılaraq ciddi tezislərlə çıxış ediblər.
JuHİ sədri bildirib ki, konfrans iştirakçıları internetin inkişafının, xüsusi olaraq, sosial şəbəkələrin auditoriyasının sürətlə genişlənməsinin müsbət tendensiyalarla yanaşı, bir sıra fəsadlara da yol açdığı qeyd edərək, bu yöndə ortaya çıxan problemlərin tənzimlənməsi yönündə fikir mübadiləsi aparıblar: “Vurğulandı ki, sosial şəbəkələrin inkişaf etməsindən sonra, Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş bir sıra hüquqların, o cümlədən, ifadə azadlığına üstünlük verən prinsiplərlə ifadə azadlığını məhdudlaşdıran prinsiplərin toqquşması halları intensivləşib ki, bu da mövcud problemləri dəyərləndirməli olan hakimlər üçün ciddi problemlər yaradır. O baxımdan mövcud prinsiplərə yenidən baxılması üçün çağırışlar edildi”.
Müşfiq Ələsgərli qeyd edib ki, ifadə azadlığı sahəsində mövcud olan dilemmaların dəyərləndirilməsi və çıxış yollarının tapılmasına həsr edilmiş konfransın mahiyyətini çaşdırmaq, müzakirələri yanlış yönə istiqamətləndirmək cəhdləri də olub: “Təəssüf ki, beynəlxalq təşkilatlarda təmsil olunan və anti-Azərbaycan ovqatında köklənmiş bəzi şəxslər konfransda geniş auditoriyanın iştirakını fürsət bilərək, burada da Azərbaycan əleyhinə təbliğat aparmağa cəhd göstərdilər. Amma onların çıxışları tərəfimizdən dərhal dəyərləndirildi. Əsaslandırılmış cavablarla onların çıxışlarının qərəzli xarakter daşıdığını isbat edə bildik”.
Cavidan