“Azərbaycan dövlətinin siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Bunun əsasını ümummilli lider Heydər Əliyev qoyub. Gənclərlə bağlı iş dövlətin prioritet siyasətidir. Bu da öz effektini verir”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, elə gənclər formalaşdırılmalıdır ki, onlar Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxsınlar: “Heydər Əliyevin istək və arzuları bu idi. Biz indi bunun effektini görürük. Bu il keçiriləcək parlament seçkilərində gənclər aktiv olmalıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlətə məsuliyyətli gənclər lazımdır. Yəni, gənclər bir sıra məsələlərdə dövlətin yanında olmalıdır. Avropa Oyunlarında Azərbaycan gənci necə fəallıq göstərdi, şahidi oldunuz. Həmin oyunlarda 10 mindən çox Azərbaycan gənci iştirak etdi. Bu da göstərdi ki, bizim gənclər digələri ilə rəqabət aparmaq gücündədir”.