Suriya prezidenti Bəşər Əsəd dünən Moskvaya səfər edib və rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Danışıqlar həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Danışıqlarda Suriyada vəziyyət, terror qruplaşmaları ilə mübarizə və hərbi əməliyyatının davam etdirilməsi müzakirə olunub.
Təbii ki, bu, görüşlə bağlı verilən rəsmi açıqlamadır. Şübhəsiz ki, görüşdə Əsəd hakimiyyətinin gələcəyi və digər məsələlərlə də bağlı müzakirələr aparılıb. Əsədin Moskvaya səfərini Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Suriyadakı vətəndaş müharibəsi başlayandan sonra Bəşər Əsədin ilk xarici səfərini Rusiyaya etməsi onun kənardakı bir nömrəli müttəfiqinin kim olduğunu göstərir: "Əsəd hakimiyyətdə qalmasına və silahlı müxalifət, radikallar üzərindəki az-çox qələbəsinə görə Putinə minnətdardır. Əsəd minnətdarlığını bildirmək üçün Rusiyaya gəlib. İndi Suriyanın həyatı Moskvada həll olunur. Rusiya Suriyada keçid hökumətinin yaradılmasını, müxalifətin keçid hökumətində təmsil olunmasını dəstəkləyir".
Z.Əlizadə qeyd etdi ki, Suriyadakı müxalifəti sağlam adlandırmaq çox çətindir: "Əlində silah olan müxalifəti sağlam adlandırmaq olmaz. Sadəcə, onlar Qərbin dəstəyi ilə hərəkət etdikləri üçün mötədil adlandırılır. Əslində onlarda mötədillikdən əsər-əlamət yoxdur. Azad Suriya Ordusunun radikal dindarlardan yeganə fərqi Suriyada dünyəvi dövlət qurmaq istəmələridir. Bütün hallarda onlar mahiyyət etibarı ilə Dağlıq Qarabağdakı ermənilərdən fərqlənmirlər. Necə ki, o zaman ermənilər Rusiyanın göstəriş və dəstəyi ilə hərəkət edirdilər, Suriya müxalifəti də Qərbin dəstək və göstərişilə hərəkət edib ölkəni parçalayırlar".
Ruslan Xəlil