ADP sədri Sərdar Cəlaloğlu Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin qurultayına qatılmaqdan imtina edib. Teleqraf.com xəbər verir ki, imtinanın səbəbi S.Cəlaloğli ilə AXCP sədri Əli Kərimli arasındakı münasibətlər olub.
ADP sədri mətbuata açıqlamasında bildirib ki, R.Nurullayev onu şəxsən qurultaya dəvət etsə də, getməyib: “Mənim Əli Kərimliyə qarşı neqativ münasibətim var, qurultaya gəlməyim tərəf tutmaq mənasını verə bilər. Bunu Razi bəyin özünə də dedim. Razi Nurullayev yeni adda partiyanın təsis qurultayını keçirsəydilər daha düzgün olardı. AXCP-ni tərk eləmiş insanların yığışıb Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş bir partiyanın adından qərar çıxarması, qurultay keçirməsi əslində «Siyasi partiyalar haqqında» Qanuna ziddir. Qanunçuluq nöqteyi-nəzərindən indiki halda AXCP kimi Əli Kərimlinin sədri olduğu təşkilatdır. Razi bəy təşkilatına başqa ad qoya bilər. Məsələn, ”Əsl Azərbaycan Xalq Cəbhəsi Partiyası" adı qoya bilərdi".
Qeyd edək ki, S.Cəlaloğlu ilə yanaşı Müsavat Partiyasının başqanı Arif Hacılı, Xalq Partiyasının sədri Pənah Hüseyn və Ümid Partiyası AXCP olaraq Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatı tanıyıb.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələyə heç bir münasibət bildirməyib.
Yeni AXCP-in sədri R.Nurullayev isə partiyala sədrlərinin mövqelərinə təəssüfünü ifadə edib.