AXCP-nin narazıların təmsil olunduğu qanadı Əli Kərimliyə qarşı növbəti ittihamlar irəli sürüb.
AXCP-nin İmişli rayon şöbəsinin sədri Amil Baycan bildirib ki, insanlar illərdir Əli Kərimlinin yanından uzaqlaşır. Onun fikrincə, hər kəs liderlik iddiasındadır: “Ancaq lider olmaq istəyən şəxs hər kəsin fikrinə hörmət etməyi bacarmalı və ideyalara sadiq qalmalıdır. Əli Kərimli özünə rəqib gördüyü hər kəsi partiyadan uzaqlaşdırmağa çalışır. Onlar da partiyanın ideologiyalarının tapdandığını görür və Əli Kərimlidən uzaqlaşırlar. Əli Kərimlinin apardığı bu siyasət sonda onun iflasını gətirdi. Narazı cəbhəçilər partiyanın əsl ideologiyasına sadiq qalaraq AXCP-ni bərpa etdi. Demokratik yolla AXCP sədri seçildi”.
AXCP üzvü, politoloq Ehtiram Mehtiyev isə xatırladıb ki, Əli Kərimlidən narazı olan cəbhəçilər qısa vaxt, cəmi 2 ay ərzində heç bir partiyanın yarada bilmədiyi, təməli gənclərdən ibarət olan təşkilatı qura biliblər: “Təbii ki, resurslarımız gənclərdən ibarət olduğu üçün az bir müddətdə bunu formalaşdıra bildik. Onlarla rayon şöbəsinin rəhbər strukturunda gənclərimiz təmsil olundu. Ətrafımızda olanlar isə ali savadlı, intellektual gənclərdir. AXCP-nin digər partiyalardan fərqi uğurları bərabər paylaşmaqdadır. 18 oktyabrda keçirdiyimiz möhtəşəm qurultay haqqında hələ çox danışılacaq. Əli Kərimli açıq səsvermə ilə 99 faizlə ”sədr" seçilmişdisə, biz gizli səsvermə yolu ilə, alternativli seçki keçirdik. Artıq bizim üçün Əli Kərimli səhifəsi bağlandı".
Onu da xatırladaq ki, gələn həftə narazı cəbhəçilər rəsmi AXCP olaraq qeydə alınmaları üçün sənədlərini Ədliyə Nazirliyinə təqdim edəcək.
CAVİDAN