27 Oktyabr 2015 13:15
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən bazar günü Müsavat Partiyası İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda mitinq keçirib. Öncə partiya elan edib ki, ümumrespublika səviyyəsində aksiya keçirir. Lakin az sonra mitinqin mahiyyəti dəyişdirilib, bildirilib ki, aksiya Müsavatın namizədlərinin seçicilərlə görüşüdür.

Bundan əvvəl isə bəyan edilib ki, “Məhsul” stadionunda baş tutacaq mitinq bu dairədən deputat olan sabiq başqan İsa Qəmbərin seçicilərlə görüşüdür. Hətta Müsavat rəhbərliyinə daxil olan şəxslər qeyd ediblər ki, aksiyaya ciddi hazırlıqlar görülür və möhtəşəm bir mitinq keçirəcəklər. Müsavat Partiyası mitinqə nə dost, nə də düşmən partiyaları dəvət etməyib. Bütün bunlara rəğmən aksiyada 300 nəfərin iştirak etdiyi bəlli olub.

Müsavatın mitinqi çox sönük keçib, iş o həddə çatıb ki, İsa Qəmbər və Arif Hacılı bir müddət meydana toplaşan 250-300 nəfərlik aksiyaçının arasında olub. Bir çox aksiya iştirakçıları isə qeyd ediblər ki, Müsavatın bir il əvvəl keçirdiyi qurultayda daha çox adam olub, nəinki 25 oktyabr mitinqində. Bu isə birmənalı qarşılanmayıb. Aksiyada o qədər az sayda insan iştirak edib ki, bir çox agentliklər bu tədbir haqqında qısaca xəbər yayıb.

Aksiyadan sonra isə daha maraqlı məqamlar üzə çıxıb. Bəlli olub ki, oktyabrın 24-də Müsavat Partiyasının başqanı Arif Hacılı Facebook sosial şəbəkəsi üzərindən bir çox müsavatçıya mesaj yazaraq onların hər birindən aksiyaya 5 nəfər gətirməsini istəyib. ADR Hərəkatına yaxın olan şəxslərdən biri isə bu yazışmanı sosial şəbəkələrdə paylaşıb.

Yazışmada başqan Arif Hacılı müsavatçılara yazır ki, “hər bir müsavatçı sabahkı aksiyaya 5 nəfər Müsavat partiyasının üzvü olmayan şəxs gətirməlidir, bunu unutmamısınız?”

Hidayət Vəlisoy adlı müsavatçı isə cavabında Arif Hacılıya bildirir ki, “Arif Hacılı, sizə müsavatçı lazımdır, yoxsa, "İsavat" lazımdır? Siz öz şəxsi mənafeyiniz üzündən mübariz müsavatçıları şərləyərək bayıra atdınız, indi də axtarın".

Müsavat Partiyasının üzvü Cavid Hacıbəyli isə bəyan edib ki, başqan seçildikdən sonra keçirdiyi iki mitinqə birgə min nəfər adam gətirə bilməyən şəxs siyasətdə qalmamalıdır.

Müsavat Partiyasının Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli isə mənzərəni 110 nəfərlik mitinq kimi dəyərləndirib.

Müsavatın aksiyaya oxşamayan mitinqini alternativ qurultay keçirib özlərini AXCP elan edən partiya üzvləri də sərt tənqid edib. AXCP fəalı Dəyanət Babayev bununla bağlı qısa açıqlama yazıb: “Müsavatın başqanı utanmır. Mitinqə 200-250 adam gəlir hələ bəyanat da verir ki AXCP-nin 18 oktyabrda keçirdiyi qurultayı legitim saymır. Heç olmasa, 18 oktyabr qurultayına baxıb utanın. Mitinq 200 nəfərdən az olmamalıdır, amma Müsavatın mitinqində 150 nəfər adam vardı”.

Onu da qeyd edək ki, mitinqə “Ağ Blok”da təmsil olunan müsavatçılar qatılmayıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər