27 Noyabr 2015 12:25
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyavuş Novruzov: “Komitəmiz QHT-lərin xaricdən maliyyələşməsi məsələsinə xüsusi diqqət yetirəcək”

Fuad Muradov: “Əsas vəzifə gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı olacaq”

Noyabrın 1-də keçirilmiş seçkilər əsasında yenidən formalaşmış parlamentdə daha 4 komitə fəaliyyət göstərəcək. Artıq Milli Məclisdə yeni komitələr yaradılıb və onların sədrləri seçilib. Yeni komitələr Səhiyyə, İctimai birliklər və dini qurumlar, Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələridir.

Elm və təhsil komitəsinin üzvü olmuş Əhliman Əmiraslanov yeni yaradılan Səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı isə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olub. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan Fuad Muradov Gənclər və idman komitəsinə sədr seçilib. Təhlükəsizlik və müdafiə komitəsinin üzvü olmuş Siyavuş Novruzov İctimai birliklər və dini qurumlar komitəsinə rəhbərlik edəcək.

Bəs yeni komitələrin fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov sədri seçildiyi İctimai birliklər və dini qurumlar komitəsi barədə bildirib ki, komitə QHT-lərin xaricdən maliyyələşməsi məsələsinə xüsusi diqqət yetirəcək: “Bəzi QHT-lərin onlara ayrılan maliyyəni qarşıya qoyulan məqsədlərə deyil, tamam başqa sahəyə sərf etmələri, öz fəaliyyətləri ilə deyil, tamamilə kənar fəaliyyətlə məşğul olmaları, ölkədə ictimai-siyasi sabitliyi pozmaq, iğtişaş yaratmaq cəhdlərinin qarşısının alınması üçün qanunvericilikdə müvafiq düzəlişlərin edilməsi də komitənin diqqətində olacaq”.

Bundan başqa S.Novruzov qeyd edib ki, əgər hansısa dini qurumlar dinə yox, separatizmə, ayrı-ayrı dövlətlərin kəşfiyyat orqanlarına xidmət göstərirsə, bunların qarşısının alınması üçün müvafiq qanunlarda maddələrin sərtləşdirilməsi nəzərdə tutulur.

O, dövlət qeydiyyatından keçmiş, lakin fəaliyyətsiz olan siyasi partiyaların aqibətinə də toxunub : “Bəzi siyasi partiyalar var ki, 10-15 ildir qeydiyyatdan keçib, ancaq heç bir fəaliyyət göstərmir. Bunların fəaliyyətsizliyi ilə bağlı məsələləri də nəzərdən keçirəcəyik. Bir çox Avropa dövlətlərində belədir ki, əgər bir partiya iki il müddətində fəaliyyət göstərmirsə, avtomatik olaraq onun qeydiyyatı ləğv edilir. Bu məsələnin də tənzimlənməsi üçün komitə tərəfindən müvafiq addımlar atılacaq”.


Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə yeni komitə ilə əlaqədar deyib ki, əsas vəzifə gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı olacaq: “Artıq bu istiqamətdə araşdırmaya başlamışıq. Qanunvericilikdə dəyişikliklərlə bağlı bir çox təşəbbüslə çıxış edəcəyik. Müasir dövrün öz tələbləri var. Ona görə də həm gənclər istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutacağıq, həm də Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edərək idman sahəsindəki qanunlarımızda dəyişiklik edəcəyik. Biz yeni yanaşma ortaya qoymağa çalışacağıq. Bu işdə gənclər təşkilatları və idman cəmiyyətləri ilə ictimai müzakirələr apararaq ən vacib qərarları qanunvericilikdə nəzərə alacağıq. Artıq həmkarlarımızla komitəmizi formlaşdırmaq üzrəyik”.

F.Muradovun fikrincə, Azərbaycan gəncliyi daim dövlətçilik maraqlarından çıxış edir: “Müasir dövrdə inkişaf edən və qüdrətlənən Azərbaycanda gənclər daha çox önəm daşıyırlar. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan uğurlu gənclər və idman siyasətinin nəticəsində gənclər dövlətimizin inkişafı və müdafiəsi, eləcə də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərin inkişafına böyük önəm verir və hər zaman gənclərimizə, idmançılarımıza dəstək göstərir. Milli Məclisdə Gənclər və İdman Komitəsinin yaradılması da inanıram ki, gənclərin və idmanın inkişafı, yeni imkanların yaradılması və bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsinə böyük töhfə verəcək.

Azərbaycan Respublikası V çağırış Milli Məclisinə keçirilmiş seçkilərdə və Gənclər və İdman Komitəsinə sədr seçilməyimdə etimad və dəstək göstərmiş hər bir şəxsə təşəkkür edirəm. Azərbaycanımızın inkişafı, dövlətçilyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması naminə var qüvvəmlə çalışacağam”.

Onun sözlərinə görə, müasir gənclik Azərbaycan dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir.

NƏRGİZ


Müəllif: