5 Dekabr 2015 18:46
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 28-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində AXCP-nin qeydiyyatı ilə bağlı iddiaya baxılacaq.

Xatırladaq ki, Ədliyyə Nazirliyi AXCP adına iddia edən Əli Kərimli və Razi Nurullayevin keçirdiyi qurultayın sənədlərini geri qaytarmış, tərəflərə problemi yoluna qoymaq üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdü. Bundan dərhal sonra AXCP-nin Razi Nurullayev qanadı məhkəməyə müraciət etmişdi.

R.Nurullayev cəbhəsi hesab edir ki, əgər onlar məhkəməyə müraciət etməsəydilər, proses uzanacaq və müəyyən manelər yaranacaqdı. Onlar düşünürlər ki, AXCP-nin Əli Kərimli qanadı məhkəmə çəkişməsini uzatmaqda maraqlıdır. Çünki bu halda AXCP-nin rəsmi möhürünü əllərində saxlamaq imkanında olacaqlar.

Razi Nurullayev tərəfi Əli Kərimli cəbhəsinə belə bir şans vermək niyyətində olmadığını qeyd edir. Bildirilir ki, onların məhkəməyə müraciəti qanunvericiliyin tələbi ilə əsaslandırılmış formada hazırlanıb. Bu səbəbdən məhkəmə çəkişməsi onların xeyrinə olacaq. Başqa sözlə, AXCP adından çıxış etmək səlahiyyəti həm də qanunla əsaslandırılacaq.

Maraqlıdır ki, hadisələrin bu şəkildə cərəyan etməsinə AXCP-nin Əli Kərimli qanadı susur. Bu düşərgə ümumiyyətlə, partiyanın hüququ tərəfi, qarşıdan gələn məhkəmə prosesi, möhürün əldən gedə bilməsi təhlükələri haqqında danışmır, sanki belə bir proses baş vermir.

Qeyd edək ki, Ədliyyə Nazirliyi AXCP-nin qurultayı ilə bağlı sənədi geri qaytardıqdan sonra Əli Kərimli Feysbukda geniş məlumat yaymışdı. Həmin məlumatda Ə.Kərimli sanki tərəfdarlarını AXCP adından imtina etmək və ya məhkəmədə uduzacaqları təqdirdə buna dözümlü yanaşmağa səsləmişdi. Bundan dərhal sonra isə mediada məhkəməni uduzacağı təqdirdə Əli Kərimlinin sədri olduğu AXCP-nin "Yurd" Partiyası adlandırılacağı haqqında xəbərlər dolaşmağa başlamışdı.

Lakin Əli Kərimli cəbhəsinin susması fonunda AXCP-nin Razi Nurullayev qanadının qarşı tərəfə ittihamları davam edir.

R.Nurullayevin müavini Cavid Musazadə qeyd edib ki, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Nardaran hadisələrini qızışdırmağa çalışır və bunu məqsədli edir: "Əli Kərimlinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı qızışdırıcı mövqe tutur. O, xaotik, ekstremist çağırışlar edir. Fuad Qəhrəmanlının statusu Taleh Bağırzadənin çıxışlarından daha qızışdırıcıdır. Bu adam cəsarəti hardan alıb belə çağırış edə bilir? Hesab edirəm ki, o şəxs bağlı olduğu dairələrin sifarişini həyata keçirir".
AXCP sədrinin müavini narazı elektorata da müraciət edib:

"Mən etirazçı kəsimə səslənirəm. Dövlət alidir. Bütün hallarda ekstremizmə, kənar təsirlərlə deyil, öz dövlətimizlə anlaşıb, danışıb tabeçilik göstərib çıxış yollarını aramaq lazımdır. Siyasətdən anlayan hər kəs üçün son zamanlar qızışan bu hadisələrin səbəblərini anlayıb dərk etmək heç də çətin deyil".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər