7 Dekabr 2015 11:13
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özünü siyasət arenasında barışmaz mogikan hesab edən, rejimə qarşı mübarizə simvolu kimi göstərən bir qrup şəxs və tərəfdarlarının apardığı təbliğatda həqiqətən insan faciəsindən, baş verən qəzadan xırım-xırda da olsa bir şeylər qazanmaq məqsədini görərək acımalı olursan. Hər halda profillərindən AXCP üzvləri olduqları anlaşılan şəxslər təqribən eyni mesajları, şərhləri göndərirlər ki, niyə dənizdə baş verən cinayət barədə danışmırsınız"?

Bu açıqlama ilə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Neft Daşlarındakı məlum faciədən siyasi şou düzəldənlərə münasibət bildirərkən qeyd edib.

F.Mustafa bildirir ki, Neft Daşları və Günəşli yatağında hadisə baş verəndən bir gün sonra dərhal dənizdə çalışan tanışlarından bilgi alıb: "Ən azı rəy bildirməzdən öncə məsələnin gerçəkliyinin nə olduğunu anlamaq üçün bilgi əldə etmək çox vacibdir. "Hamısı ayrı-ayrlıqda təqribən eyni səbəb və nəticəni təsvir etdilər. Və təsadüf elə gətirdi ki, çərəz almaq üçün girdiyim marketdə təsadüfən orta yaşlı Borçalı əsilli bir tanımadığım qardaşımız yaxınlaşdı və fəaliyyətimizlə bağlı xoş sözlərini söylədi. Peşəsini soruşdum, dedi ki, dənizdə işləyirəm, neftçiyəm. Marağımı çəkdiyinə görə ondan da baş verən hadisə barədə soruşdum. Söylədi ki, hadisə məhz onun işlədiyi platformada baş verib. Üç gündən sonra dənizə iş yerinə getməliymiş. İlk maraqlandığım bu oldu ki, həqiqətən Günəşli yatağında baş verənlər səhlənkarlıq və ya təhlükəsizlik tədbirlərinin olmamasından baş verib, yoxsa başqa bir səbəb var? Bildirdi ki, təbiətin şıltaqlığından meydana gələn bir qəza olub, küləyin sürəti və dalğaların hündürlüyü bir xilasedici qayığın digərinə çırpılmasına səbəb olub və bu faciə yaşanıb. Məlumatı da oradan təxliyyə olunmuş dostlarından alıb. Neft Daşlarında isə tufan otaq-budkanı götürüb dənizə atıb və üç nəfər də orada faciə qurbanına çevrilib. Qeyd etdi ki, buna bənzər bir faciə də 1957-ci ildə də yaşanmışdı və 22 nəfər ölmüşdü. Səlahiyyətli şəxslərin brinfinqini və ayrı-ayrı açıqlamaları da dinlədim. Yəni anlaşıldı ki, bu cür risqlərdən heç bir ölkə sığortalanmayıb. Bəlkə də sonrakı araşdırmalar hansısa səhlənkarlıq və ya məsuliyyətsizlik, texniki təhlükəsizlik və yaxud xarici qüvvələrin təxribat əməli faktını üzə çıxaracaq, ancaq indilik inandığım budur ki, bu bir qəzadır, talesizlikdir, qarşısıalınmaz dəniz canavarının ölkəmizə yaratdığı problemdir. Allah bu insanlarımıza şəhidlik məqamı nəsib edər, inşallah".

F.Mustafa hesab edir ki, indiki məqamda bir an öncə itkin düşənlərin cəsədlərinin tapılması, yaralıların keyfiyyətli müalicə olunması, bu vətəndaşlarımızın ailələrinə sığorta pullarının və başqa dövlət müavinətlərinin verilməsi ən aktual məsələlərdir və bunları diqqətdə saxlamaq lazımdır: "Bunları niyə qeyd edirəm? Özünü siyasət arenasında barışmaz mogikan hesab edən, rejimə qarşı mübarizə simvolu kimi göstərən bir qrup şəxs və tərəfdarlarının apardığı təbliğatda həqiqətən insan faciəsindən, baş verən qəzadan xırım-xırda da olsa bir şeylər qazanmaq məqsədini görərək acımalı olursan. Hər halda profillərindən AXCP üzvləri olduqları anlaşılan şəxslər təqribən eyni mesajları, şərhləri göndərirlər ki, niyə dənizdə baş verən cinayət barədə danışmırsınız? Eyni yanaşmanı Nardaran hadisələrində də görmüş olduq. Mən bir neçə müxalifət cinahında olan siyasi personanın Taleh Bağırzadə haqqında təriflərini oxuduqda bu zombiləşmənin fəsadlarını daha dərindən hiss etməyə başladım. Adam cəhaləti, nadanlığı, xurafatı İslam dini adı ilə cəmiyyətə sırıyır, dünyəvi dövlət modelinə təhdid yağdırır, bizim siyasi müxalifətin bəzi isimləri hakimiyyətin acığına onun yüksək intellektini, əxlaqını xüsusi canfəşanlıqla qeyd edirlər. Anlamırlar ki, onun arzuladığı rejimdə sizlər də, bizlər də yoxuq, necə ki, onu xonçaya qoyub bizə soxuşduran ölkənin özündə bu adamlar beş gün belə inanc zorakılığının, xurafatın təzyiqindən yaşaya bilməzlər. Bu həm də o deməkdir ki, siyasi fikir tükənəndə mütləq siyasi eksterimizm başlayır. Bu gün sosial şəbəkə əlinizdə, burada geriçi, bayağı, ideolojik xəstə insanlarla yanaşı kifayət qədər düşünən, düşündürən, problemlərə və proseslərə sağlam baxışı olan insanlar var. Doğru mühakimə və sağlam məntiqlə hazırlaya biləcəyniz mətnlərə daha çox dəstək qazana bilərsiniz. Yoxsa hər gün yuxudan oyanaraq, "ya Allah, bu gün də bir hadisə, bir faciə baş versin, biz də çıxıb ona sərt münasibət bildirib necə barışmaz olduğumuzu göstərək" deyibən siyasi yaşam formasını illərlə davam etdirməyin nəticəsi siyasi ektremizimə yuvarlanmağa aparır. Bəli, razıyam ki, hakimiyyət siyasi institutların fəaliyyətini getdikcə dar çərçivəyə saldıqca, siyasi cəhətdən yetkin olmayan insanlar sosiallaşma tələbini kütləvi psixoz üçün ən münbit imkanlar tanıyan dini ehkamçılığın içində reallaşdırmağa başlayır. Ancaq sosial şəbəkə faktoru hər bir siyasətçiyə, əgər fikri, düşüncəsi, mühakiməsi varsa, insanlarla təmas üçün daha münbit imkanlar tanıyır və bunu sadə bir ağılla dəyərləndirə bilməyənlər istər istəməz dünən həvəslə söylədikləri Məhmmədəmin Rəsulzadənin şüarlarının əvəzinə özləri də kütləvi psixozun içində Taleh Bağırzadənin şüarlarını zümzümə etməyə başlayırlar. Siyasi ektremizmin təhlükəsi budur, məncə".

Ayxan


Müəllif:

Oxşar xəbərlər