16 Dekabr 2015 12:43
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən 22 ildə Elçibəy iqtidarında təmsil olunanlar bir dəfə də olsun, məğlubiyyətin səbəblərini ciddi şəkildə təhlil etməyib"

Son zamanlar eks-prezident, mərhum Əbülfəz Elçibəy ciddi tənqid edilir. Eks-prezident Ayaz Mütəllibovla başlanan tənqid notlarını sonradan ASDP sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimli davam etdirib. Onların açıqlamalarında Elçibəyin hakimiyyəti saxlaya bilməməsi, sadəlöhv olması ana xətt kimi keçir.

Müsavat Partiyasında təmsil olunan, sonradan tənqidi fikirlərinə görə partiyadan kənarlaşdırılan Səxavət Əlisoy bu mövzuda fikirlərini Teleqraf.com-a açıqlayıb. İsa Qəmbərin sabiq müşaviri olmuş S.Əlisoy bəyan edib ki, 1993-cü ildə Əbülfəz Elçibəy yanlış addım atmayıb. Onun fikrincə, əgər yanlış addım atsaydı, o halda xarici dəstəkçiləri Ayaz Mütəllibovu prezident edəcəkdilər: “22 ildir müxalifət düşərgəsində bəziləri Əbülfəz Elçibəyi ittiham edir ki, hakimiyyəti əldən verib. Və bu 22 ildə Elçibəy iqtidarında təmsil olunanlar 1 dəfə də olsun, bir dəyirmi masa düzənləyib məğlubiyyətin səbəblərini ciddi şəkildə təhlil etməyib.

O dönəmdə mən Elçibəyin komandasında yüksək görəv sahibi deyildim. Fəqət o komandada təmsil olunanların böyük əksəriyyəti ilə son 22 ildə yaxından tanışam. Bir çoxu ilə duz-çörək də kəsmişik. Onlar məni, mən də onları yaxşı tanıyır, başqa sözlə, biri-birimizə yaxşı bələdik. Məhz buna görə də vurğulamağa dəyər ki, Elçibəyin yüksək görəv etibar etdiyi silahdaşları arasında kifayət qədər savadlı, vətənə və dövlətə sadiq olanlar var. Və onlar 1993-cü ildə baş vermiş prosesləri obyektiv təhlil etmək qabiliyyətinə malikdir. Elçibəy komandasının bəzi üzvləri bu məsələdə obyektiv deyil, proseslərə məntiqlə yanaşmaq iqtidarında olmadıqları üçün onu ittiham edirlər. 1993-cü ildən bəri bəlkə də 100 dəfə belə söhbətlərin şahidi olmuşam və o qənaətdəyəm ki, bu məsələ hələ uzun müddət gündəmdən düşməyəcək.

O vaxta qədər ki, Elçibəy komandasının yüksək vəzifədə olanları həqiqəti dilə gətirməyə cəsarət edəcək. Bütün məsuliyyəti Əbülfəz Elçibəyin çiyninə qoymaq, dünyasını dəyişmiş prezidentə qarşı ağır ittihamlar səsləndirmək heç bir siyasətçiyə başucalığı gətirməyib və gətirməyəcək də. Hakimiyyəti saxlamaq nədən mümkün olmadı? 22 ildir dartışılan bu suala qısa cavab yazmaq fikrindəyəm. Əbülfəz Elçibəy çarpaz atəş altında idi. Çarpaz atəşdən sağ-salamat yayınmaq çox çətin bir işdir. Elçibəy də yayına bilmədi. Ermənistanla müharibə, Rusiya və İran, komanda üzvlərinin monolit olmaması dövlətin bünövrəsini yerindən oynadırdı. Kreml və Tehran açıq-aşkar Elçibəyin devrilməsini istəyirdi. Belə bir durumda yalnız komandanın yumruq kimi birləşməsi Elçibəyi xilas edə bilərdi. Bu baş vermədi. Əvəzində Rəhim Qazıyev, Sürət Hüseynov və Əlikram Hümbətov yetişdirildi, Rəhim və Sürət önə çıxarıldı, Əlikram ehtiyatda saxlandı. Vəzifəyə görə incik düşümüş Etibar Məmmədovun dəstəsi parlamentdə at oynatdı. Ən acınacaqlısı isə o idi ki, komandanın bəzi səriştəsiz, tərbiyəsiz və rüşvətxor üzvlərinin fəaliyyəti sayəsində xalqın iqtidara olan inamı sarsıldı. Belə bir durumda hakimiyyəti qoruyub-saxlamaq bir şəxsin iradəsindən asılı ola bilməzdi. Elçibəyə qarşı Ermənistandan əlavə, obrazlı desək, Rusiyanın, İranın Bakıdakı uşaqları və komandasının bəzi üzvləri də müharibə aparırdı. Təkrar yazıram, çarpaz atəşdən Elçibəyin sağ çıxması mümkün deyildi. Məhz belə bir acınacaqlı durumda Heydər Əliyev Bakıya dəvət edildi. Bu qərarı düzgün qərar saymaq lazımdır. Hakimiyyəti saxlamaq mümkün olmadığı halda onu kimə vermək lazım idi? Kremlin ağuşunda olan Ayaz Mütəllibova? Bəlkə Sürət Hüseynova? Ya bəlkə Pənah Hüseynova? Əlahəzrət reallıq var, istəməsək də, sevməsək də, qəbul etmək zorundayıq. 22 il əvvəl Heydər Əliyev ən yüksək siyasi reytinqə sahib idi. Bu ona görə baş vermişdi ki, üçüncü dəfə yazıram, Elçibəy çarpaz atəş altında idi. Və ona ən ağır zərbələr xarici düşmənlərlə yanaşı, özlərini prezidentdən üstün tutan, təkəbbürlü, məkrli komanda üzvləri tərəfindən vurulurdu. Elçibəy bu komanda ilə məğlubiyyətə məhkum idi. Oldu da. O zaman Heydər Əliyev ən yüksək siyasi reyttinqə malik idi və bu reytinq ondan prezident kürsüsünə gəlməyi tələb edirdi”.

Nemət


Müəllif:

Oxşar xəbərlər